Böyük Britaniya İcmalar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti azad olunmuş ərazilərə səfər edib.

Aprelin 6-da ilk olaraq Ağdama gələn heyəti Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və Milli Məclisin deputatı Soltan Məmmədov müşayiət edib.

Səfərin məqsədi 30 il müddətində erməni işğalçılarının törətdikləri əməllər barədə qonaqlara məlumat vermək, həmçinin işğaldan sonra həyata keçirilən tikinti-quruculuq işləri ilə tanışlıq, Azərbaycanın əzəli torpaqları olan Qarabağın ölkəmiz üçün əhəmiyyəti, regionun zəngin tarixi və mədəni irsini dünyaya çatdırmaqdır.

“Dəfələrlə Azərbaycanda səfərdə olmuşam. İndi isə ilk dəfədir ki, mən Ermənistanın işğalı altında olduğu müddətdə burada törədilmiş dağıntıları görmək üçün azad olunmuş ərazilərə səfər edirəm. Bu gözəl yerlərə insanlar geri dönə bilsinlər deyə yenidənqurma və bərpa məqsədilə genişmiqyaslı işlər görülür”, – deyə Bob Bləkmən bildirib (APA).

Britaniya parlamentinin üzvü qeyd edib ki, mina məsələsi ciddi problemdir və ərazilərin minalardan təmizlənməsi ilə bağlı böyük işlər görülür: “Bundan başqa, yeni yolların, dəmiryolu xətlərinin çəkilməsi istiqamətində fantastik işlər görülür. Ətrafa baxırıq, hər tərəf bu illər ərzində, 30 il müddətində dağıdılıb, hər yerdə dağıntıların izləri var”. Mədəni və dini obyektlərin də tamamilə dağıdıldığını vurğulayan Bob Bləkmən əlavə edib ki, burada yaşayışın tam təmin olunması, kənd təsərrüfatının qurulması müəyyən zaman alacaq: “Eyni zamanda azad olunmuş ərazilərdə indiyə qədər əldə olunan nailiyyətlər, tikinti işləri, yolların çəkilməsi və s. heyrət doğurur...”.