Aprelin 5-də Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub.

Bu münasibətlə Malayziyanın XVI Ali Başçısı Sultan Abdullah Azərbaycan Prezidentinə təbrik məktubu göndərib.

“Son 30 il ərzində Malayziya ilə Azərbaycan arasında geniş əməkdaşlıq sahələrində qarşılıqlı hörmət və maraq doğuran məsələlərdə ortaq dəyərlər prinsipinə əsaslanan sıx səmimi münasibətlər mövcuddur. Biz ürəkdən inanırıq ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə də genişlənərək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək”, – deyə məktubda bildirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Malayziya rəhbərini əlamətdar ildönümü münasibətilə təbrik edib.

“Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuzillik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulamaq istərdim.

Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik”, – deyə məktubda vurğulanır.