Fəaliyyətin koordinasiyası üzrə 9-cu dönəm sədrliyi Azərbaycan həyata keçirəcək...

 

Xəbər verdiyimiz kimi, aprelin 7-də Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası işə başlayıb.

Mərasimdə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının fəaliyyətini əlaqələndirmək üçün 9-cu dönəm sədrlik Türkiyənin UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına keçib.

ADA Universitetində reallaşan açılış mərasimində ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, Bakıda başlanan müzakirələr aprelin 8-də Azərbaycanın mədəniyyətinin paytaxtı, həmçinin 2023-cü ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şuşada davam edəcək. Diqqətə çatdırıb ki, tədbirə bu günlərdə ADA Universitetində təlim keçən Afrikanın 10 ölkəsinin UNESCO üzrə milli komissiyalarının nümayəndələri qatılıblar: “Əminəm ki, bu iclas onlar üçün də faydalı və maraqlı keçəcək”.

Açılış mərasimində videoformatla çıxışı edən xarici işlər naziri Ceyhun Bayramov otuz ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə yaradılan maneələrdən danışıb, hazırda işğaldan azad olunan ərazilərində aparılan quruculuq işlərindən bəhs edib. Vurğulayıb ki, bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Nazir Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə hər iki ölkəyə minnətdarlığını bildirib.

Nazir UNESCO çərçivəsində “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi məsələsini xüsusilə vurğulayıb: "Azərbaycanın təşəbbüsü ilə 16 martda Ankarada keçirilmiş TDT-nin Fövqəladə Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə də üzv ölkələrin liderləri UNESCO tərəfindən “Beynəlxalq Türk Dili Günü”nün elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq edib. Bu yöndə görülən işlərin müsbət nəticə verəcəyinə və “Beynəlxalq Türk Dili Günü”nün təsis olunmasının UNESCO Baş konfransının 42-ci sessiyasında təsdiqlənəcəyinə inamımızı ifadə edirik”.

TÜRKSOY baş katibinin müavini Bilal Çakıcı bildirib ki, qədim türk yurdu Şuşada tədbirlər “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi ilə məhdudlaşmayacaq. Şuşa 2023-cü ildə beynəlxalq ictimaiyyətin nəzər və diqqətini Türk dünyasına yönəldəcək.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında türk dövlətlərinin zəngin maddi və mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında TÜRKSOY-un mühüm rolunu qeyd edib, ölkəmizin UNESCO ilə əlaqələrindən söz açıb. Bildirib ki, ötən dövr ərzində Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahısına daxil edilib. Biocoğrafi cəhətdən Azərbaycanın unikal bir ərazidə yerləşməsi və bunun nəticəsində müxtəlif ekosistemlərin formalaşması bizə bu ərazilərinin bəzilərinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinə imkan yaradır. Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən meşə massividir. Bu meşələr Pleistosen dövründə buzlaşmaya məruz qalmış və planetimizdə öz unikallığını qoruyub saxlaya bilən nadir ekosistemlərdən biridir. Bu baxımdan qədim relikt növlərlə zəngin olan Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq UNESCO-nun siyahısına daxil edilməsi təklif edilib. Transmilli “Hirkan meşələri” nominasiyası hazırlanıb və 2022-ci ilin sonunda UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib.

Mədəniyyət nazirinin birini müavini, nazirin vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO milli komissiyalarının 9-cu toplantısının ölkəmizdə keçirilməsini mühüm hadisə adlandırıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qazandığı Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının qələbəsidir: “Müharibə dövründə və sonra Türk dünyasının Azərbaycanın haqlı mübarizəsində göstərdiyi həmrəylik münasibətlərimizin nə qədər möhkəm və sarsılmaz olduğunu sübut etdi. Qələbədən sonra Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi rəmzi məna daşımaqla yanaşı, yeni inkişaf və əməkdaşlıq strategiyasını gündəmə gətirdi. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 30 ilə yaxın işğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən mədəniyyət abidələri erməni vandalizminə məruz qalaraq dağıdılıb. Eyni zamanda, Ermənistan hökuməti hazırkı Ermənistanda azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etməklə, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur. Azərbaycan kəndlərinin tarixi adları tamami ilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib”.

Adil Kərimli qeyd edib ki, Ermənistan hökumətinin apardığı siyasətlə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində qədim mədəni irs obyektləri (Göy məscid, Qala məscidi Şah Abbas və bunlar kimi 300-dən çox məscid və monumental abidə) sistemli və məqsədyönlü şəkildə məhv edilib. UNESCO-nun 1954, 1970, 1972, 2003 və 2005-ci il Konvensiyaları misli görünməmiş şəkildə pozulub.

Adil Kərimli bildirib ki, TÜRKSOY və türk dövlətlərinin UNESCO üzrə milli komissiyaları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, bu sahədə koordinasiya məsələləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir: “Bu işin daha da təkmilləşdirilməsi və intensiv əlaqələrin qurulması istiqamətində sizlərlə birlikdə daha sıx fəaliyyət göstərəcəyik. Azərbaycan təşkilatın üzvü kimi UNESCO-nun prinsip və dəyərlərinin təşviqində öz öhdəliklərinə sadiq qalaraq mühüm layihələr icra etməkdədir. “Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələr Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri geniş coğrafiyanı əhatə edir. Bu istiqamətdə görülən işlər Azərbaycanın ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir”.

İclasda UNESCO baş direktorun prioritet Afrika və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matokonun videomüraciət iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış ediblər.

Tədbir panel iclaslarla davam edib.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə keçirilən ilk paneldə ölkəmizin UNESCO-nun icra etdiyi proqram və layihələrə dəstəyi və əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin panel iştirakçılarının bu istiqamətdə təklif və tövsiyələri dinlənilib.

ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən növbəti panel mədəni irsin qorunması, elm, təhsil sahəsi üzrə UNESCO çərçivəsində əlaqələrin daha da genişləndirilməsi və birgə beynəlxalq tədbirlərin keçirilməsi mövzularını əhatə edib.

Maddi və qeyri-maddi mədəni irs, təbii irsin qorunması və təhsil məsələlərini əhatə edən seminarlardan və mütəxəssis rəyləri dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının 9-cu iclasının yekun bəyanatı işlənib hazırlanıb. Bəyanat aprelin 8-də Şuşa şəhərində iclasın yekun bağlanış mərasimində qəbul ediləcək.