Oxu Akademiyası və Müvəkkil Hüquq Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas-alim, mətnşünas, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun (1911-1993) vəfatının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov tədbiri açaraq qonaqları salamlayıb. Sonra alim haqqında yazdığı “Vətən fədaisi” məqaləsi əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və Abbas Zamanov kimi ziyalıları himayə etməsi o dövrkü Azərbaycan üçün böyük bir töhfə idi.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib ki, Abbas Zamanov az danışan, çox iş görən, qəti mövqeyə, dönməz iradəyə malik olan mükəmməl bir Azərbaycan vətəndaşı idi: “Abbas Zamanov sovet imperiyasına sinə gərərək Azərbaycan ziyalılarını, görkəmli alimlərini bir araya gətirib, insanlar arasında möhkəm təməlli bir körpü yaratmışdı. Bu əlaqə o zamankı dövlət qurumlarının yaratdığı əlaqədən daha geniş, daha məhsuldar idi. Abbas müəllimin ən çətin dövrlərdə Edinburq Universitetinin professoru Turhan Gəncəyi ilə yazışması və görüşməsi həmin dövrün bir əfsanəsi hesab olunurdu.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Abbas Zamanovla bağlı xatirələrini bölüşüb, kitablarının yazılmasında başlıca mənəvi yardımın məhz Abbas Zamanov tərəfindən olduğunu qeyd edib.

Xalq şairi Sabir Rüstəmxanlı A.Zamanovun necə cəsarətli və qorxmaz olduğundan danışıb. Bildirib ki, A.Zamanovun o dövrdə Fransaya səfəri əsl cəsarət nümunəsi idi. Belə ziyalılarımızın tez-tez yad edilməsi, onların xatirələrinin uca tutulması gənclərin vətənpərvərlik ruhunun artırılmasında, tariximizə, mənəvi dəyərlərimizə marağının yaradılmasında böyük rol oynayır.

Millət vəkili Etibar Əliyev, yazıçı Səfər Alışarlı, rəssam Rəis Rəsulzadə, ədəbiyyatşünas Qurban Bayramov, tədqiqatçı Musa Şirəliyev və başqaları A.Zamanovun elmi fəaliyyəti, ictimai fikrin inkişafına verdiyi töhfələrdən danışıb, xatirələrini bölüşüblər.

Sonda Səməd Vəkilov və A.Zamanovun qardaşı oğlu Mirmusa Seyidov tədbir təşkilatçılarına təşəkkürlərini bildiriblər.