Aprelin 7-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan peşəkar teatrının 150 illiyi çərçivəsində yazıçı-publisist Reyhan Mirzəzadənin rus dramaturqu, əsərləri ölkəmizin teatrlarında dəfələrlə tamaşaya qoyulmuş A.N.Ostrovskinin (1823-1886) 200 illik yubileyinə həsr etdiyi "Bəşəriyyətə şölə saçan teatr günəşi" kitabın təqdimatı keçirilib.

Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən təşkil olunub.

Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova giriş sözündə bildirib ki, Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanıb və cəmiyyətin mədəni tərəqqisinə, milli şüurun inkişafına əhəmiyyətli təsir göstərib. O, təqdimatı keçirilən kitab haqqında danışaraq qeyd edib ki, A.N.Ostrovski rus realist teatrının, dramaturgiyasının yaradıcılarından biridir.

Ktabın redaktoru, yazıçı-publisist Zöhrə Əsgərova diqqətə çatdırıb ki, R.Mirzəzadə rus ədəbiyyatının bir çox qüdrətli sənətkarlarının yaradıcılığını dərindən öyrənərək oxuculara təqdim edib.

Reyhan Mirzəzadə A.N.Ostrovskinin yaradıcılığı, kitabda toxunduğu məqamlar haqqında danışıb. O, rus dramaturqun Bakıya səfəri barədə də tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Xalq artisti Natalya Şarovskaya, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev, C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Rusiyanın Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov, Akademik Musiqili Teatrının rejissoru İradə Gözəlova və başqaları çıxış edərək müəllifi kitabın ərsəyə gəlməsi münasibətilə təbrik edib, xoş arzularını bildiriblər.

Bədii hissədə aktrisa Natalya Şarovskaya tərəfindən A.N.Ostrovskinin “Göyçək kişi” komediyasından Zoyanın monoloqu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi tərəfindən “Tufan” dramından monoloq təqdim olunub.