Xəbər verdiyimiz kimi, Bakıda ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Afrikanın 10 ölkəsinin UNESCO üzrə milli komissiyalarının baş katibləri üçün təlim keçirilir. Təlim iştirakçıları Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.

Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova görüşdə “Mədəniyyətlərarası dialoq və Azərbaycan xalçaçılıq sənəti” mövzusunda təqdimat edib. Qonaqlarla 28 ölkənin 82 muzeyində saxlanılan 1000-dən artıq Azərbaycan xalçası ilə bağlı yaradılan elektron baza haqqında məlumat verilib.

Azərbaycan xalçaçılıq sənətinin inkişaf mərhələləri, xalçaların ornament və kompozisiyaları barədə də söz açan direktor auditoriyanın suallarını cavablandırıb.

Qonaqlar daha sonra fransız dilində olan audiobələdçi vasitəsilə muzeyin ekspozisiyası ilə tanış olublar.

Onlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında da məlumat verilib. Qeyd edilib ki, “qızıl fond”unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Diqqətə çatdırılıb ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qonaqlar muzeydəki “Zərgərlik fondu” ilə də tanış olublar. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının quruluşu da qonaqlarda xoş təəssürat yaradıb.