Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Xalq artisti İranə Tağızadə aprelin 9-da vəfat edib.

Mədəniyyət Nazirliyi İranə Tağızadənin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə, teatr ictimaiyyətinə ağır itki üz verib. Tanınmış teatr rejissoru, Xalq artisti, Prezident təqaüdçüsü İranə Tofiq qızı Tağızadə 2023-cü il aprelin 9-da, 66 yaşında vəfat edib.

İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində görkəmli kinorejissor Tofiq Tağızadənin ailəsində dünyaya gəlib. 1976-1981-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram rejissoru fakültəsində təhsil alıb.

1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. Bu sənət ocağında F.Dostoyevskinin “Karamazov qardaşları”, V.Şekspirin “On ikinci gecə”, T.Vilyamsın “Arzu tramvayı”, Elçinin “Artistin taleyi”, “Teleskop və ya yuxuda və reallıqda uçuşlar”, M.Kamolettinin “Ah, bu Anna”, A.Puşkinin “Çar Saltanın nağılı”, R.Şartın “Mənim arvadımın adı Morisdir” və s. tamaşalara quruluş verib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi Elçinin “Sənətkarın taleyi” tamaşası rəğbətlə qarşılanıb.

İranə Tağızadə teatr sahəsindəki xidmətlərinə görə 2008-ci ildə “Əməkdar incəsənət xadimi”, 2013-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin.

***

Akademik Rus Dram Teatrının rejissoru Xalq artisti İranə Tağızadə aprelin 10-da paytaxtdakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, mədəniyyət xadimləri də iştirak ediblər.

İranə Tağızadənin məzarı üzərinə Mədəniyyət Nazirliyi, Akademik Rus Dram Teatrı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından əklillər qoyulub.