Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində “Baykar” müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Buraxılış mərasimində “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və şirkətin nümayəndələri ilə bərabər Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib.

Kursun məzunlarına öz səmimi arzularını çatdıran Selçuk Bayraktar şirkətin texnologiya və innovasiya istiqamətində gördüyü son işlərdən danışıb və istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarının döyüş meydanlarında həlledici rolunu diqqətə çatdırıb.

Baş konsul Nərminə Mustafayeva isə artıq bütün dünyada tanınan və dünyanın qabaqcıl ölkələrinin də maraq göstərdiyi “Bayraktar” silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı danılmaz rolundan bəhs edib. Baş konsul "AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycan Respublikasının müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər Azərbaycan və Qırğızıstandan olan məzunlara sertifikatlar təqdim edilib.

Mehparə Sultanova
Ankara