Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsertdən öncə Azərbaycan mədəniyyətinin böyük himayədarı və dostu olmuş Heydər Əliyevin ömür yolundan və mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Heydər Əliyevin incəsənət xadimləri ilə görüşü, onların əməyini yüksək qiymətləndirməsi ilə bağlı videoçarx nümayiş olunub.

Sonra söz incəsənət ustalarına verilib. Musiqi axşamında BMA-nın İxtisas fortepiano kafedrasının Əməkdar müəllimləri Kəmalə Mirbabayeva və Arzu Məmmədovanın dueti, həmçinin onların tələbələri – respublika və beynəlxalq müsabiqələr laureatları Nurcan Rzayeva, Leyla Hüseynzadə, Nuray Əliyeva, Fidan Əmirova, Aygül Mahmudova, Nigar Həsənli, Aysel Məmmədova, Tamara Balaşova, Kamil Hüseynzadə çıxış ediblər.

Konsert proqramında Dmitri Şostakoviç, Qara Qarayev, Volfqanq Amadey Motsart, Edvarq Qriq, Sergey Raxmaninov, Aleksandr Tsfasman, Friderik Şopen və başqa bəstəkarların əsərləri səsləndirilib.

Tamaşaçıların böyük marağına səbəb olan konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.