11-12 aprel  tarixlərində Bakıda Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirilir.

Heydər Əliyev Mərkəzində keçirilən forum Ümummilli liderin 100 illik yubiley tədbirləri çərçivəsində təşkil edilib.

Forumun proqramına iki gün ərzində ümumilikdə 4 panel daxildir.

Aprelin 11-də “Azərbaycan teatrında ənənələr və trendlər” adlı birinci paneldə müzakirə üçün “Azərbaycan teatrının inkişafında yeni hədəflər”, “Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları”, “Müasir teatr tənqidinin funksiyası” mövzuları seçilib.

“Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma” adlı ikinci panelin müzakirə mövzuları isə “Müasir teatrda universal aktyor tipi” və “Müasir rejissurada yeni təmayüllər”dir.

Aprelin 12-də “Konsepsiya və strateji hədəflər” adlı üçüncü paneldə “Milli teatrı inkişaf strategiyası”, “Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması”, “Marketinq və reklam strategiyası”, “Teatrların fəaliyyətində fandrayzinq, alternativ maliyyə mənbələr və yeni maliyyələşdirmə mexanizmləri”, “Prodüser institutunun milli teatr məkanında tətbiqi” və “Çağdaş teatr prosesində müstəqil teatrların rolu” mövzularında təhlillər aparılacaq. 

Forumun sonuncu paneli “Teatr sahəsində insan kapitalının inkişafı” mövzusuna həsr olunub. Bu paneldə “Teatr təhsilində tələblə təklifin uzlaşma mexanizmi”, “Teatr aktual məsələlərin effektiv təbliğat platforması kimi”, “Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti”, “Müasir teatr sənətində festival hərəkatı” və “Region teatrlarında kadr potensialı” mövzuları müzakirəyə çıxarılacaq.

Forumun məruzəçiləri arasında tanınmış teatr xadimləri, dramaturq, rejissor və teatrşünaslar yer alıb. Bundan əlavə, Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru, RF-nin Əməkdar incəsənət xadimi Qriqori Zaslavski və GİTİS-in kafedra müdiri, prodüser Elşən Məmmədov ekspert kimi foruma dəvət olunub.