Pakistanlı alim Şahina Qəzənfər və onun Yeni Zelandiyadan olan həmkarı Syu Vikisonun altı il davam edən əməkdaşlığının nəticəsi olaraq Londonun Kyu Qarden botanika bağında Qurani-Kərimdə adları çəkilən bitkilərin rəsmlərindən ibarət sərgi açılıb.
Botanika bağındakı Şirli Şervud qalereyasında yeni zelandiyalı alim və rəssamın müqəddəs Qurani-Kərimdə adları çəkilən 25 bitkinin tablosu nümayiş etdirilir. Pakistanlı botanik isə onların altında müvafiq Quran ayələrini yazıb.
Şahina Qəzənfər jurnalistlərə müsahibəsində bildirib ki, “Quran bitkiləri: Tarix və mədəniyyət” kitabını araşdırarkən o, müasir ərəb adları olmayan bitkiləri izləmək üçün qədim Mesopotamiya mixi mətnlərinə və aramey və ivrit semitik dillərinə qayıdıb: “Bunları geri qaytarmaq daha çətin idi. Hər bir bitkinin tarixi və mədəni bağlılığı var və biz bu irsi itirməməliyik. Səudiyyə Ərəbistanının Qırmızı dənizi sahilində dağlar çox zəngin və yaşıldır. Bir yerdə tapılan və xüsusi əhəmiyyət kəsb edən bitkilər və ya hər hansı bitki populyasiyaları qorunmalı və öyrənilməlidir”.
“Kyu Herbarium” botanika bağında bir neçə il işləyən S.Vikison Quranda adı keçən bitkilərə marağının ilk olaraq Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarəti zamanı yarandığını deyib. “Heyrətamiz məscid binası ilə yanaşı, bütün mərtəbələrdə, sütunlarda və tavanda olan qeyri-adi botanika motivləri məni cəlb etdi. Bundan sonra Birləşmiş Ərəb Əmirlikləri və Omanın səhra və dağlarına səyahət etdim, orada nadir bitki növlərini tapdım. Bu proses illərlə davam etdi. Bitkini dəqiq və estetik şəkildə təsvir etmək üçün onu canlı materialdan işləmək çox vacibdir. Bəzi bitkiləri Yeni Zelandiyadakı evimdə özüm yetişdirdim və ya tapmaq üçün dağlara gedirdim”, – deyə alim-rəssam bildirib.