Fəaliyyətin koordinasiyası üzrə növbəti dönəm sədrlik Azərbaycana keçib

 

Xəbər verdiyimiz kimi, aprelin 7-8-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası keçirilib. İclasın açılışı Bakıda, bağlanışı isə Şuşada gerçəkləşib.

İclasda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının fəaliyyətini əlaqələndirmək üçün 9-cu dönəm sədrlik Türkiyənin UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına keçib.

ADA Universitetində reallaşan açılış mərasimində dövlət rəsmiləri, TÜRKSOY ölkələrinin Bakıdakı diplomatları da iştirak ediblər. Universitetin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə iştirakçıları salamlayaraq bu günlərdə ADA Universitetində təlim keçən Afrikanın 10 ölkəsinin UNESCO üzrə milli komissiyalarının nümayəndələrinin də tədbirə qatıldıqlarını diqqətə çatdırıb.

Açılış mərasimində videoformatla çıxış edən xarici işlər naziri Ceyhun Bayramov otuz ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə UNESCO-nun araşdırıcı missiyasının göndərilməsinə yaradılan maneələrdən danışıb, hazırda işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən bəhs edib.

Nazir UNESCO çərçivəsində “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi məsələsini xüsusilə vurğulayıb. Bildirib ki, Azərbaycanın təşəbbüsü ilə 16 martda Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Bəyannaməsində də üzv ölkələrin liderləri UNESCO tərəfindən “Beynəlxalq Türk Dili Günü”nün elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq ediblər: “Bu yöndə görülən işlərin müsbət nəticə verəcəyinə və “Beynəlxalq Türk Dili Günü”nün təsis olunmasının UNESCO Baş konfransının 42-ci sessiyasında təsdiqlənəcəyinə inamımızı ifadə edirik”.

TÜRKSOY-un baş katibinin müavini Bilal təşkilatın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etdiyi Şuşada silsilə tədbirlərin keçiriləcəyini deyib. Bildirib ki, bu tədbirlər Türk dünyasında birlik və əməkdaşlığı bir daha nümayiş etdirəcək.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında türk dövlətlərinin zəngin maddi və mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında TÜRKSOY-un mühüm rolunu qeyd edib. Bildirib ki, ötən dövr ərzində Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahısına daxil edilib. Biocoğrafi cəhətdən Azərbaycanın unikal bir ərazidə yerləşməsi və bunun nəticəsində müxtəlif ekosistemlərin formalaşması bizə bu ərazilərin bəzilərinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinə imkan yaradır. Bununla bağı transmilli “Hirkan meşələri” nominasiyası hazırlanıb və 2022-ci ildə UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib.

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO milli komissiyalarının növbəti toplantısının ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının qələbəsidir. Bu qələbədən sonra Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi rəmzi məna daşımaqla yanaşı, türkdilli ölkələr arasında əməkdaşlığın inkişafını və yeni strategiyasını da gündəmə gətirir.

Adil Kərimli bildirib ki, TÜRKSOY və türk dövlətlərinin UNESCO üzrə milli komissiyaları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycan Mədəniyyət Nazirliyinin prioritet istiqamətlərindən biridir. Azərbaycan təşkilatın üzvü kimi UNESCO-nun prinsip və dəyərlərinin təşviqində öz öhdəliklərinə sadiq qalaraq mühüm layihələr icra etməkdədir. Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələr Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Bu istiqamətdə görülən işlər Azərbaycanın ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir.

İclasda UNESCO baş direktorun prioritet Afrika və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matokonun videomüraciəti də iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış ediblər.

Tədbir panel iclaslarla davam edib.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyanın baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə keçirilən ilk paneldə ölkəmizin UNESCO-nun icra etdiyi proqram və layihələrə dəstəyi və əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin panel iştirakçılarının bu istiqamətdə təklif və tövsiyələri dinlənilib.

ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən növbəti panel mədəni irsin qorunması, elm, təhsil sahəsi üzrə UNESCO çərçivəsində əlaqələrin daha da genişləndirilməsi və birgə beynəlxalq tədbirlərin keçirilməsi mövzularını əhatə edib.

İclasın yekun bəyanatının mətni də razılaşdırılıb. Bəyanat aprelin 8-də Şuşa şəhərində iclasın bağlanış mərasimində qəbul edilib.