“Heydər Əliyev Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi”

 

Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər.

Mərasimdə məlumat verilib ki, Qazaxıstan Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Heydər Əliyevin adı verilib. Dördzolaqlı küçə Qazaxıstan paytaxtının Yesil rayonunda yerləşir. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayan monument ucaldılıb. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar.

Dövlət başçıları “Heydər Əliyev küçəsi” sözləri yazılan lövhənin üzərindən ağ örtüyü götürüblər.

Prezident Kasım-Jomart Tokayev deyib: “Bu hadisənin xüsusi rəmzi mənası var. Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir. Bu küçə Astana gənclərini və qonaqlarını cəlb edən yerdir. Küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Balet Teatrı, Mərkəzi Botanika bağı, habelə şəhərin ən iri ticarət-əyləncə mərkəzi kimi mühüm obyektlər yerləşir. Qeyd etmək istəyirəm ki, bu küçənin açılışı Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verəcək...

Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib. Biz yaxşı xatırlayırıq, o, qazaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün və irsimizin ortaq olmasını vurğulayırdı. Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çətinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib, həmişə hiss edib və başa düşüblər ki, onlar eyni köklərə mənsubdurlar. Bu sözlər 1997-ci il iyunun 10-da deyilib. Ölkələrimiz arasında müasir möhkəm və ahəngdar qarşılıqlı münasibətlər bu sözləri təsdiq edir. Bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir”.

Bu tarixi mərasimə görə Kasım-Jomart Tokayevə təşəkkürünü bildirən Azərbaycan Prezidenti deyib: “Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, Ulu öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb.

Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq... Qazaxıstanın irəli sürdüyü və reallaşdırdığı təşəbbüslər, sözün geniş mənasında, Avrasiya məkanında etimad tədbirlərinin, sülhün möhkəmlənməsinə yönəlib. Biz də dostlar, qardaşlar kimi sizin uğurlarınıza ürəkdən sevinirik”.