Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi tarix kafedrası və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Şərqi-Rus” qəzetinin (1903-1905) nəşrə başlamasının 120 illiyinə həsr olunmuş elmi seminar keçirilib.

ADPU-nun müəllim və tələbələrinin, muzey əməkdaşlarının iştirak etdikləri seminarda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı dosent Əli Fərhadovun “Məhəmməd ağa Şahtaxtlının yaradıcılığında milli-dini məsələlər” mövzusunda məruzəsi dinlənilib.

Ə.Fərhadov fotoslayd vasitəsilə “Şərqi-Rus” qəzeti, onun təsisçisi və redaktoru olmuş M.Şahtaxtlının (1846-1931) həyat və yaradıcılığı, onun milli, dini və dünyəvi maarifçilikdə rolu, Əhməd bəy Ağaoğlu və digər ziyalılarla əlaqələri haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, 1903-cü ilin 30 mart tarixində nəşrə başlayan qəzet Azərbaycanın tanınmış ziyalı və ədiblərinin əsas tribunalarından olub, mətbuat salnaməmizdə yeni yol açıb. Ö.F.Nemanzadə, F.Köçərli, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, M.S.Ordubadi, M.Ə.Sabir, A.Sur, Ə.Qəmküsar və başqaları qəzetlə əməkdaşlıq edib. Mirzə Cəlilin “Poçt” qutusu hekayəsi də XX əsrin ilk anadilli mətbu orqanında dərc olunub.