Xəbər verdiyimiz kimi, Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə layihəsi əsasında Özbəkistanda "Şuşa Günləri" keçirilib.

11-12 aprel tarixlərini əhatə edən layihə çərçivəsində Daşkənddəki Turan Kitabxanasında görkəmli şairə və ictimai xadim Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcüməsindən ibarət “Xurşidə yetər başım” kitabının təqdimatı olub.

Tədbir iştirakçıları əvvəlcə Turan Kitabxanasında AMM tərəfindən yaradılmış Şuşa guşəsi ilə tanış olublar. Guşəyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Azərbaycana və Qarabağa aid nəşrlər hədiyyə edilib.

Kitabxanada repressiya qurbanlarına həsr edilmiş muzey də ziyarət olunub.

Turan Kitabxanasının böyük akt zalında davam edən tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Dildora Abduazizova “Şuşa Günləri” tədbirlərinə ev sahibliyi etmələrindən böyük fəxarət hissi keçirdiklərini qeyd edib.

Direktor Azərbaycanla Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri, iki xalqın tarixi qardaşlıq əlaqələri haqqında danışıb. O, AMM ilə birgə hər il Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı layihələrin həyata keçirildiyini, kitabxananın Şuşa rayon Mərkəzi Kitabxanası ilə qardaşlaşmış kitabxanalar müqaviləsinin imzalandığını deyib. D.Abduazizova Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyası mədəniyyətinə misilsiz töhfələr verdiyini bildirib və X.Natəvan yaradıcılığının Özbəkistanda da böyük maraq doğurduğunu qeyd edib.

AMM-in direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə keçirilən “Şuşa Günləri” tədbirləri haqqında məlumat verib, mərkəz tərəfindən il ərzində Şuşaya dair  layihələrin reallaşdırılacağını vurğulayıb. Bildirib ki, Şuşa Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Təəssüf ki, erməni vandalları 30 illik işğal zamanı şəhərin tarixi-mədəni mirasını dağıdım, talan edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında günü-gündən inkişaf edən əlaqələr, xalqlarımız arasında qardaşlıq münasibətləri barədə danışıb. O, tarixi abidələrlə zəngin, dahi şair və mədəniyyət xadimlərinin yurdu olan Şuşanın TÜRKSOY tərəfindən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsini tarixi hadisə kimi dəyərləndirib. 

Günay Əfəndiyeva rəhbərlik etdiyi fondun həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib, ötən il Türkiyənin Bursa şəhərində təşkil edilmiş “Şuşa Günləri” barədə söhbət açıb.

Özbəkistan Yazıçılar İttifaqının sədr müavini Xalq şairi Qayrat Macid, tərcüməçi-şair Şaxlo Qasımova, yazıçı-publisist, AzTV-nin “Mədəniyyət” kanalının əməkdaşı, Xurşidbanu Natəvan haqqında sənədli filmin müəllifi Ülviyyə Heydərova 2021-ci ildə AMM-in təşəbbüsü ilə X.Natəvanın sağlığında Şuşada fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” poeziya məclisinin özbək və azərbaycanlı şairlərin iştirakı ilə bərpa edilməsi barədə məlumat verib.

Sonra AMM-in layihəsi əsasında özbək dilində çap olunmuş “Xurşidə yetər başım” kitabı haqqında məruzələr dinlənilib.

Təqdimat mərasimində çıxış edən Özbəkistan Ali Məclisində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Gülbahar Saidqaniyeva iki ölkə arasında əlaqələrin tərəqqisindən məmnunluğunu ifadə edib. O, Şuşanın Azərbaycan mədəni-ədəbi mühitində rolu haqqında danışaraq Natəvanla özbək şairəsi Nadirabegimin həyat və yaradıcılığı arasında oxşarlıqların olduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Məclisində Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova iki ölkənin dostluğunun tarixindən, dövlət başçılarının görüşlərindən danışıb.

Tədbirin bədii hissəsində Daşkənd şəhər Abdulla Qadiri adına İncəsənət və Yaradıcılıq Məktəbi şagirdlərinin ifasında Azərbaycana, Qarabağa aid musiqilər ifa olunub. Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti tələbələri Natəvanın qəzəllərini səsləndiriblər. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.