ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə təşkilatçılığı ilə 10 Afrika ölkəsinin təmsilçiləri üçün keçirilən təlim proqramı aprelin 12-də yekunlaşıb.
Aprelin 4-də başlayan təlim Benin, Niger, Toqo, Burkina-Faso, Qvineya, Qabon, Cibuti, Kot-d’İvuar, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineyanın UNESCO üzrə milli komissiyalarının baş katiblərini bir araya gətirib.
Proqramın bağlanış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və onun müşaviri Aygün Hacıyeva, həmçinin Azərbaycan Respublikası UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev iştirakçılara sertifikatlar təqdim ediblər.
“Bu proqram Azərbaycanla Afrika ölkələri arasındakı əməkdaşlığın inkişafına fayda verir”, – deyən Fariz İsmayılzadə iştirakçıların təmsil etdikləri regionla ölkəmiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcəklərinə ümidvar olduğunu bildirib.
Aygün Hacıyeva bildirib ki, dövlət qurumlarından dəvət edilmiş yüksək səlahiyyətli qonaq çıxışçılar və ADA Universitetinin professor-müəllim heyətinin mühazirələri vasitəsilə afrikalı diplomatlar ölkəmiz barədə dərin biliklərə yiyələniblər.
Seymur Fətəliyev proqramın iştirakçılarına təşəkkür edib: “Əminik ki, təlim proqramı ilə bağlı təəssüratlarınızı UNESCO Katibliyi və digər Afrika ölkələrindən olan həmkarlarınız ilə bölüşəcəksiniz”.
Qeyd edək ki, təlim proqramının əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsidir. İştirakçıların ölkəmizin mədəni irsi, tarixi, regiondakı mövqeyi ilə bağlı hərtərəfli məlumat əldə etməsi üçün bir sıra dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçirilib. Qonaqlar paytaxtdakı müxtəlif tarixi yerləri və muzeyləri, eləcə də mədəniyyət paytaxtımız Şuşanı ziyarət ediblər.
Bağlanış mərasimində proqram iştirakçıları adından Kot-d’İvuarın UNESCO üzrə Milli Komissiyasının baş katibi N’Golo Aboudou ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və Azərbaycanın xarici işlər naziri, UNESCO üzrə Milli Komissiyanın sədri Ceyhun Bayramova təşəkkürlərini ifadə edib.