Şimali Makedoniyanın XİN başçısı bu mövzuda Azərbaycan rəhbərinə məlumat verib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib.

Dövlətimizin başçısı beynəlxalq tədbirlər əsnasında Şimali Makedoniyanın Prezidenti və Baş naziri ilə olan təmaslarını məmnuniyyətlə xatırladıb.

Buyar Osmani ATƏT-in fəaliyyətdə olan sədri kimi Şimali Makedoniyanın prioritetləri barədə dövlətimizin başçısına məlumat verib. Bildirib ki, Şimali Makedoniya sədrliyi çərçivəsində “Hər şey insanlar üçün” konsepsiyasını əsas götürüb və sədrlik prosesində də bu əsasda insanlara köklənən siyasətin həyata keçirilməsi istiqamətində çalışıb. O, Şimali Makedoniyada daxili siyasətdə “Hamı üçün vahid cəmiyyət” konsepsiyasından çıxış etdiyini bildirib, ölkə daxilində və regionda postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.

Azərbaycan Prezidenti Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyasının, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsinin Cənubi Qafqaz üçün də maraqlı ola biləcəyini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırladıb.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini deyib. Bu baxımdan Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bununla bağlı xüsusi nümayəndə təyin edilib və erməni sakinlər Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edilib.

Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını bildirib.

Dövlətimizin başçısı aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirib.

Buyar Osmani ATƏT-in Azərbaycanda humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə biləcəyini qeyd edib.

Prezident deyib ki, Azərbaycan ATƏT ilə əməkdaşlığa praktiki müstəvidə baxır. Bu xüsusda transsərhəd çayları üzrə birgə əməkdaşlıq, humanitar minatəmizləmə, yaşıl limanlar, Orta Dəhliz kimi konsepsiyalar üzrə praktiki və praqmatik əməkdaşlıq layihələrinin icra olunması imkanlarına baxılması mümkündür.