İsveçrənin Lozan şəhərində məşhur fotoqraf Reza Deqatinin sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub. Konfransda İsveçrədəki səfirliyimizin diplomatları, bu ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, jurnalistlər, yerli ictimaiyyətin nümayəndələri və Lozan şəhərinin rəsmiləri iştirak ediblər.

Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyindən verilən məlumata görə, konfransda Reza Deqati digər fotoşəkilləri ilə bərabər Qarabağda çəkdiyi seçilmiş fotolarını təqdim edib və fotolar haqqında ətraflı məlumat veribdir.

O, Birinci və İkinci Qarabağ müharibələrində fotoqraf kimi fəaliyyət göstərməsindən danışaraq bildirib ki, 2020-ci ildə müharibə zamanı Fransadan Ermənistana 80 jurnalist, Azərbaycana isə yalnız 2 jurnalist getmişdi. Belə ədalətsizlik qarşısında o, Azərbaycana  gələrək baş verən hadisələri fotoaparatı ilə əbədiləşdirməyə qərar verib.

Birinci Qarabağ müharibəsi, eləcə də XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verən Reza Deqati çəkdiyi şəkilləri nümayiş etdirib. Soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun şəklini tutaraq xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib.

Azərbaycan torpaqlarının 30 il erməni işğalı altında olmasından, ölkəmizə qarşı qərəzli mövqedən söz açan Reza Deqati İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin mülki əhalini qadağan olunmuş bombalarla hədəfə almasından da danışıb. O, otuz ilə yaxın işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən yerlə yeksan edilməsini əks etdirən fotoları da göstərib. Ağdamın fotosunu nümayiş etdirərkən qeyd edib ki, xarici media nümayəndələri bu şəhəri “Qafqazın Xirosiması” adlandırıblar.

Qarabağ müharibəsindən çəkdiyi şəkillərlə yanaşı Reza Deqati Azərbaycandakı tolerantlıq və multikulturalizm mühitini əks etdirən fotolarını da nümayiş etdirib. Sonda konfrans iştirakçılarının suallarını cavablandırıb.