Jelka Tsviyanoviç: Azərbaycan Bosniya və Herseqovinada bir çox işlər görüb, indi praktiki əməkdaşlığa başlayırıq

 

Aprelin 13-də Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfər edib. Həmin gün Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü olub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə Azərbaycanın Bosniya və Herseqovinanın dostu olduğunu deyən Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviç bu səfərin ölkələrimiz arasında tərəfdaşlığın inkişafında yeni səhifə açacağına və əlaqələrimizin daha da inkişafına ciddi töhfə verəcəyinə əminliklərini bildiriblər. Azərbaycanın Bosniya və Herseqovinaya daim dost münasibəti göstərməsi, xüsusilə 2014-cü ildə bu ölkədə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında və COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstək minnətdarlıqla qeyd olunub. Ölkəmiz tərəfindən Bosniya və Herseqovinada humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirilməsi yüksək qiymətləndirilib.

Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rol oynadığı bildirilib və Bosniya və Herseqovinanın da tezliklə Azərbaycanda səfirlik açmaq niyyətində olduğu qeyd edilib. Bosniya və Herseqovinanın Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırdığı və bu istiqamətdə Azərbaycan tərəfindən də müvafiq addımların atılacağı vurğulanıb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən qətliamın heç zaman unudulmamasının vacibliyinə toxunublar, Bosniya və Herseqovinanın tarixi ilə Azərbaycanın tarixində bənzər hadisələrin olduğunu qeyd ediblər.

1972-ci ildə Bakı və Sarayevo şəhərlərinin qardaşlaşması ilə bağlı sazişin imzalandığını xatırladan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.

Siyasi münasibətlərimizin daim çox yaxşı səviyyədə olduğunu, ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiklərini vurğulayan Prezident İlham Əliyev Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə də Bosniya və Herseqovinanın həmişə ərazi bütövlüyümüzə və suverenliyimizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi zamanı da Bosniya və Herseqovinanın Azərbaycana göstərdiyi siyasi dəstəyin təqdir olunduğunu deyib.

Azərbaycan Prezidenti iki ölkə arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, investisiyalar, nəqliyyat, turizm, mədəniyyət, elm, təhsil sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb. Deyib ki, xüsusda iki ölkə arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən çıxış edərək hökumətlərarası birgə komissiyanın və müvafiq sahələr üzrə birgə əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılması qərara alınıb.

Prezident bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələrində investisiya layihələri ilə çıxış edib və bu xüsusda Bosniya və Herseqovinada da müxtəlif investisiya layihələrində iştirak edə bilər. Azərbaycanın təbii qazının Balkan regionu və Bosniya və Herseqovinanın qonşu ölkələrinə ixrac edildiyi vurğulanaraq gələcəkdə enerji sahəsində əməkdaşlıq imkanlarının mümkünlüyü qeyd olunub.

Dövlətimizin başçısı bildirib ki, həm Azərbaycan, həm də Bosniya və Herseqovina çoxkonfessiyalı ölkələrdir. Bu baxımdan da ölkələrimiz arasında təcrübə mübadiləsinin aparılması yaxşı haldır. Eyni zamanda, ölkələrimizin vətəndaş cəmiyyəti təsisatları, elm-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərinin vacibliyi də bildirilib.

Azərbaycanın və Bosniya və Herseqovinanın minalardan əziyyət çəkən, minalarla çirklənmiş ölkələr olduğu vurğulanaraq, bu sahədə də əməkdaşlığın və təcrübə mübadiləsinin önəmi qeyd edilib.

***

Aprelin 13-də Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzalayıblar.

Sonra İlham Əliyev və Jelka Tsviyanoviç mətbuata bəyanatlarla çıxış ediblər.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri təxminən bir ay öncə (3 mart – red.) Bakıya səfəri etdiyini və o zaman Azərbaycan Prezidentini də ölkəsinə dəvət etdiyini deyib: “Qısa bir zamanda cənab Prezident buraya səfər edib, Bosniya və Herseqovinanın dostu olduğunu sübut edib. Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsini açaq və daha səmərəli əməkdaşlıq etməyə başlayaq”.

 

“Ölkəmizdə çətinlik baş verəndə Azərbaycan hər zaman yanımızda olub”

 

Jelka Tsviyanoviç 2014-cü ildə daşqınlar zamanı və 2020-ci ildə başlanan koronavirus pandemiyası dövründə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı bir daha qeyd edib: “Bütün bu müddət ərzində Azərbaycan bizim bir neçə şəhərimizdə mühüm lazımi infrastruktur layihələri həyata keçirdi. Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı. Eyni zamanda, Sarayevoda tibb müəssisəsi təsis edildi. Ölkəmizdə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman bizim yanımızda olmuşdur. Bu gün bizim imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik. Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək. Bunun sayəsində biz – işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq”.

Qeyd edilib ki, Azərbaycan Bosniya və Herseqovinada bir çox işlər görüb, indi praktiki əməkdaşlığa başlayırıq: “Biz nəqliyyat, energetika, turizm və digər sahələrdə imkanları nəzərdən keçirdik. Hesab edirəm, bu, yaxşı fürsətdir ki, biz bununla bağlı nazirliklərimizə təlimat verək ki, konkret layihələrlə bağlı siyahı hazırlansın, maraqlarımız nədən ibarətdir, sərmayə harada tələb olunur. Biz bütün bunlarla bağlı təlimatlarımızı verəcəyik. Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır...”.

 

“Münasibətlərimizin yeni səhifəsi başlayır”

 

Azərbaycan Prezidenti də iki ölkə arasında əlaqələrin bundan sonra yüksələn xətlə inkişaf edəcəyini vurğulayıb: “Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq...

Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır...”.

İlham Əliyev qeyd edib ki, strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur: “Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.

Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.

Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq...

Bununla paralel olaraq nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da, hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər”.

Azərbaycan Prezidenti iki ölkənin mədəniyyətlərarası dialoq sahəsində də əməkdaşlığının önəmini vurğulayıb: “Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər. Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.

Bir məqamı da qeyd etməliyəm ki, 1972-ci ildə – hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. O vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. Əminəm ki, bu səfərdən sonra bizim qardaşlığımız daha möhkəm olacaq”.