Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı törədilən işgəncə ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Hüseyn Axundova qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.

Qeyd edilir ki, Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar müvafiq olaraq məlumatlandırılıb. Bu zorakılıq beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko isə Ermənistanda hərbçimizə qarşı qeyri-insani rəftarın əks olunduğu videogörüntüləri “çox təəssüfləndirici” adlandırıb. “Bütün məhbuslarla beynəlxalq humanitar hüquqa uyğun davranılmalıdır”, – deyə o bildirib.