Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclərin rəqs dünyası” adlı yaradıcılıq müsabiqəsi keçirilib.

Xəzər rayon məktəblilərinin iştirakı ilə reallaşan müsabiqə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Müsabiqənin məqsədi uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, ifa xüsusiyyətlərini öyrətmək və onların asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlarını üzə çıxarmaqdır.

Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılar öz məharətlərini nümayiş etdiriblər.

Əməkdar artist Elçin Allahverdiyev, XII Dünya Rəqs Festivalının diplomantı Dilbər Abdullayeva, Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru, “Səma” rəqs ansamblının rəhbəri Səma Sadıxova, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Dilşad Nuriyevadan ibarət münsiflər heyəti gənclərin ifasını dəyərləndirib.