Televiziyanın “qızıl fond"u 52 mindən çox fiziki daşıyıcıda toplanıb...


Azərbaycan Televiziyasının (AzTV) arxivi rəqəmsallaşdırılır. QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən və bu məqsədlə ayrılan 1 milyon manat vəsaitdən yararlanmaqla televiziyanın tarixinin rəqəmsallaşdırılması prosesinə start verilib.

Hazırda avadanlıqların quraşdırılması prosesi gedir. Paralel olaraq proqram təminatı üzərində işlər yekunlaşma mərhələsindədir. Proses bitdikdən sonra elektron arxiv proqram təminatının istifadəsinə başlanılacaq. Bütün bunlar isə çox qısa müddətdə, həm də yüksək keyfiyyətlə həyata keçirilir. Əsas məqsəd təxminən bir əsr ərzində formalaşan arxivi daha etibarlı və uzunmüddətli qorumaq, mədəni irsimizin gələcək nəsillərə ötürülməsini təmin etməkdir.

Bundan əlavə, elektron arxiv sisteminin təhlükəsizliyi də diqqətdə saxlanılır. Bunun üçün yanğından mühafizə sistemi qurulub. Elektron arxivin yerləşdiyi otağın qapısı isə yanğına davamlı materialdan hazırlanıb və buraya daxil olmaq üçün kart-buraxılış sistemindən istifadə olunur.

Məlumatda bildirilir ki, Azərbaycan Televiziyasının “qızıl fond"u hazırda 52 mindən çox fiziki daşıyıcıda cəmlənib.