“Azərbaycan nümayəndə heyətinin yarışı tərk etməsinə hörmətlə yanaşırıq...”


Avropa Ağır Atletika Federasiyası (EWF) aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Avropa Ağır Atletika Federasiyası bu hadisəni kəskin şəkildə pisləyir. EWF bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və “Fair Play”in universal prinsiplərinə hücum hesab edir.

Bəyanatda diqqətə çatdırır ki, EWF bu hadisəyə dərhal reaksiya verib, Təşkilat Komitəsinə öz qəti mövqeyini bildirib və yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb edib: “EWF daimi olaraq Azərbaycan Respublikasından olan nümayəndə heyətinin yanında olub, idmançılar, məşqçilər və rəsmi şəxslərlə tam həmrəyliyini və dəstəyini ifadə edib. EWF hesab edir ki, bu hadisə təcrid olunmuş hadisədir və Təşkilat Komitəsindən təcili olaraq tələb olunan əlavə tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək”.

Bəyanatda həmçinin bildirilir ki, Avropa Ağır Atletika Federasiyasının təmsilçilərinin Azərbaycan nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak edib: “Biz Azərbaycan Respublikasının nümayəndə heyətinin yarışı tərk etməli olmasına təəssüflənirik, eyni zamanda buna hörmətlə yanaşırıq”.