Ermənistana gedən azərbaycanlı idmançılar yarışa qatılmadan geri qayıdıblar...


Xəbər verildiyi kimi, aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində iştirakçı ölkələrin bayraqları yarış zalına gətirilən zaman tədbirdə rəsmi akkreditasiyası olan Ermənistan vətəndaşlarından biri Azərbaycan bayrağını yandırıb.

Bu barbar hərəkətdən sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb. Bəyanatda bildirilir ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan idmançılarının yarışa qatılmaması və geri qayıtması barədə qərar qəbul edilib.

Aprelin 15-də azərbaycanlı ağır atletlər Bakıya qayıdıblar. Qeyd edək ki, ağır atletika üzrə Avropa çempionatına Azərbaycandan 4 idmançı, həmçinin məşqçi və texniki heyət göndərilmişdi.

***

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hadisəyə münasibət bildirib. XİN-in Mətbuat xidməti idarəsinin yaydığı məlumatda Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq tədbirlərin görülməsinə çağırış ifadə olunub.

“Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik. Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir”, – deyə Azərbaycan XİN məlumatında bildirilir.

***

Azərbaycanın idman mediası adından İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat qəbul edilib.

Bəyanatda diqqətə çatdırılır ki, bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı verdikləri zəmanətə inanıb. İndi göründüyü kimi bunlar boş vədlər imiş: “Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyil. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxıb. Məhz bunun nəticəsidir ki, tədbir təşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırıb...”

***

İdman sahəsindəki Azərbaycan QHT-ləri isə Ermənistanda bayrağımızın yandırılması faktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

“Biz narahatlığımızı və qəzəbimizi ifadə etmək üçün söz tapa bilmirik. Burada söhbət təkcə hər bir xalq üçün ən müqəddəs olan dövlət bayrağından deyil, bütövlükdə idmanın fundamental dəyərlərinə hörmətsizlikdən gedir...

Turnirdə normal şəraitin təmin edilməsinə məsul olan şəxsin bayrağı təhqir edən barbar hərəkəti iyrənclikdən başqa bir şey deyil. Sizi idmanı öz nifrət mesajlarını çatdırmaq üçün alətə çevirmək istəyənlərə qarşı bizimlə həmrəy olmağa çağırırıq”, – deyə müraciətdə vurğulanır.