Milli Məclisin vitse-spikeri Adil Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bu ilin 6 fevralında Türkiyədə baş vermiş dəhşətli zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Kahramanmaraşa səfər edib. Heyətdə millət vəkili Ziyafət Əsgərov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai xadimlər yer alıb.

Azərbaycan tərəfindən Kahramanmaraşda qurulan çadır şəhərciklərinə baş çəkən heyəti vali Ömər Faruk Coşqun müşayiət edib.

Heyət çadırları gəzərək sakinlərə qarşıdan gələn Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb, bayram sovqatı təqdim edib.

Sakinlər qarşısında çıxış edən vitse-spiker Adil Əliyev, millət vəkili Ziyafət Əsgərov, səfir Rəşad Məmmədov, Azərbaycanın Xalq artisti Azərin və başqaları  Azərbaycan və Türkiyənin xoş günlərdə olduğu kimi, çətin zamanlarda da bir-birinin yanında olduğuna diqqət çəkiblər. Zəlzələnin ilk saatlarından etibarən Prezident İlham Əliyevin təlimatı ilə Azərbaycanın bütün dövlət qurumlarının Türkiyəyə yardım üçün səfərbər olduğu diqqətə çatdırılıb.

Çıxışlarda zəlzələnin dağıdıcı nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın Türkiyə ilə əməkdaşlığa davam edəcəyi, çətinliklərin öhdəsindən bərabər gəlinəcəyi vurğulanıb.

Zəlzələdən zərər çəkən sakinlər qardaş Azərbaycanın dəstəyinin onlar üçün dəyərli olduğunu ifadə edərək Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini çatdırıblar.

Ziyarətin sonunda Xalq artisti Azərin Türkiyədə də çox sevilən “Çırpınırdın, Qara dəniz” mahnısını səsləndirib.

Mehparə Sultanova
Ankara