Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin “MEDİAlab” layihəsi çərçivəsində xarici mütəxəssislərin iştirakı ilə silsilə seminarlara başlanılıb. Layihənin məqsədi gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirməkdir.

MEDİA-nın təşkilatçılığı və 4 ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi üzrə jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə xarici ekspert Tatyana Ravalli tərəfindən “Rəqəmsal “storytelling”: rəqəmsal məzmun yaratmaq üçün multimedia alətlərindən necə istifadə etmək olar?” mövzusunda ilk seminar təşkil olunub.

Seminarda yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafının media mühitinə kompleks təsiri, yeni mediada kommunikasiya alətləri və formaları, rəqəmsal alətlərdən istifadə edərək məzmun yaratmaq, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması kimi mövzulara toxunulub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Layihə üzrə seminarlar davam etdiriləcək.