Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli publisist, naşir, pedaqoq, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin (1872-1937) 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Bildirək ki, dövlət başçısının sərəncamı ilə böyük maarif və mətbuat xadiminin 150 illiyi ötən il qeyd olunub, yubiley tədbirləri bu il də davam edir.

Tədbirdə BXA-nın İdarə heyəti, müəllimləri, Milli Azərbaycan Tarixi Muzeyi, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Azərbaycan Milli Kitabxanasının əməkdaşları, tənqidçilər, xalçaçı rəssamlar, eləcə də Ö.F.Nemanzadənin qardaşı nəvəsi Çingiz Nemanzadə iştirak ediblər.

Ömər Faiq Nemanzadənin nəticəsinin videoçıxışından sonra “Ömər Faiq Nemanzadə irsi Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında”, “Ö.F.Nemanzadənin publisistikasında milli məsələlər”, “Ö.F.Nemanzadə və “Molla Nəsrəddin” jurnalı”, “Ö.F.Nemanzadənin publisistik fəaliyyətində (“Qardaş köməyi” dərgisi əsasında) türkçülük ideologiyası”, “Ö.F.Nemanzadənin pedaqoji fəaliyyəti”, “Ö.F.Nemanzadənin yaradıcılığında ana dili məsələləri” kimi mövzularda məruzələr dinlənilib.

Tədbir çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında hazırlanmış Ö.F.Nemanzadənin şəxsi, ailəvi, dost, həmkar və tələbələri ilə çəkilmiş fotoalbomunun təqdimatı olub.

Sonda isə BXA rəhbərliyi tərəfindən dəyirmi masa iştirakçılarına təşəkkürnamə təqdim edilib.