Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xaqani Şirvani adına Aran regional filialı və Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə yazıçı-publisist, hüquqşünas Əlisəfa Azayevin Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Qarlı zirvə” kitabının təqdimatı keçirilib.

Əvvəlcə Ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən muzeyin Aran filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Əlisəfa Azayevin yaradıcılığında həyatda müşahidə etdiyi və birbaşa iştirakçısı olduğu hadisələrə, mövzulara üstünlük verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, müəllifin son illərdə müraciət etdiyi mövzular fonunda şəhidlərimiz, milli qəhrəmanlarımız, eləcə də tanınmış ictimai-siyasi xadimlərimiz və ziyalılarımızla bağlı əsərlər çoxluq təşkil edir. Ə.Azayevin Azərbaycanın xilaskarı, Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini tarixi faktlar əsasında bədiiləşdirdiyi “Qarlı zirvə” romanı bu qəbildəndir.

Şair Abduləziz Xanəhmədoğlu, jurnalist Tofiq Abdullayev, oxuculardan Namiq Ağayev və Dürriyə Seyidova roman haqqında fikirlərini bölüşüblər.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində belə bir sənədli romanı ərsəyə gətirdiyinə görə Ə.Azayevə təşəkkürünü bildirib, təşkilatın fəxri fərmanını müəllifə təqdim edib.

Sonda yazıçı əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.