Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında tanınmış yazıçı, şair, pedaqoq Zahid Xəlil ilə görüş keçirilib.

177 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan kitabxananın direktoru uşaq ədəbiyyatının uşaqların mənəvi inkişafında mühüm rolundan danışıb, Zahid Xəlilin yaradıcılığı haqqında məlumat verib.

Daha sonra yazıçı uşaqlara “Uçan çıraqlar”, “Dünyanın ən balaca nağılları”, “Günəşi qopartmaq istəyən ayı”, “Kralın kreslosu”, “Göyqurşağı”, “Çıraq nənənin nağılları”, “Şəkərabad şəhərinin uşaqları”, “Ağ leyləklər” və s. kitablarından nağıllar səsləndirib, şagirdlərin suallarını cavablandırıb.

Kitabxananın elmi işlər üzrə direktor müavini yazıçının bir sıra nağıllarını uşaqlar üçün oxuyub.

 Zahid Xəlilin yaddaqalan əsərləri və personajları, bir-birindən maraqlı hekayə və nağılları görüşdə iştirak edən uşaqlar tərəfindən maraqla qarşılanıb. 

Görüşün sonunda yazıçı öz kitablarından uşaqlara hədiyyə edib və xatirə fotosu çəkdirilib.

***

Kitabxanada Rüstəm Əliyev adına Binəqədi rayon 3 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Nağıllar aləminə səyahət” adlı “nağıl saatı” da keçirilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini nağılların uşaqların dünyagörüşünün formalaşmalarına güclü təsir göstərməsindən bəhs edib. Qeyd olunub ki, nağıllar şifahi xalq ədəbiyyatının ən zəngin janrlarından biridir. Xeyirin şər, işığın zülmət, yaxşının yaman üzərində zəfər çalması və başqa şəkillərdə təzahür edən nikbinlik,  xoşbəxt gələcəyə inam xalq nağıllarımızın başlıca keyfiyyətlərindəndir.

“Nağıl saatı”nda kitabxananın əməkdaşı uşaqlara müxtəlif nağıllar oxuyub. Uşaqlar sevdikləri nağıl personajları haqqında danışıblar.