Avazımız yaxşı gəlir və ya söylənənlər söz olaraq qalmasın...
Ötən həftə ölkəmizin mədəni həyatında əlamətdar hadisənin – Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə keçirilən “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda ilk Teatr Forumunun (11-12 aprel) iştirakçısı olduq.
Yüksək səviyyədə təşkil olunan, müasir yaradıcılıq sənayesi və onun teatr qolunun problem və prioritetlərini ön plana çıxarmaq məramı daşıyan toplantı öz işini gördü. Qalır qarşıya qoyulan məsələlərin, qaldırılan problemlərin həlli yollarını müəyyən etmək və onların ən optimal formada realizəsinə nail olmaq.
Əsas mahiyyətə keçməzdən öncə bir neçə məqamı qısaca qeyd etmək istərdik.
Birincisi, forumu tam izləyən biri kimi çıxış(çı)lar haqqında birmənalı müsbət fikir söyləmək çətindir. Niyə? Çünki bu iki gün ərzində qarşıya qoyulan sualların müzakirəsi ilə bağlı təkliflərdən ziyadə şəxsi istəkləri, öz prizmasından yanaşmaları, daha irəli gedərək, forumun tribunasından bəzi şəxslərin irili-xırdalı ricalarını eşitdik.
İkincisi, forumda səslənən təkliflər təsnifat etibarilə daha çox uzaq perspektivə hesablanmışdı. Odur ki, gəlin, daha çox yaxın perspektivə hesablanan, prosesin hərəkətvericiliyini artıran və ümumi planda mexanizmi sürətləndirənlərə yer verək.
Üçüncüsü, forumun panellərində proqramda nəzərdə tutulan əsas bəndlər müzakirə olunsa da, bəzi məqamlar üzərində elə də dayanılmadı. Sözsüz ki, bu məsələdə mahiyyətdən çıxış etmək istəməyən bəzi iştirakçıların “əməyi” də oldu. Buna bəzən moderatorların auditoriyaya öz subyektiv fikirlərini diktə etmək, formatı öz platformaları sayıb auditoriya mühazirəçisi kimi çıxış etmək cəhdlərini də əlavə etmək olar.
Eyib etməz. İlk təcrübədir. Digər tərəfdən, bu nəhənglikdə tədbir və ən əsası, qarşıya qoyulan məsələlərə münasibət kiçik qüsurları örtmək gücündədir.
Forumun yaratdığı təəssürata gəlincə, sevindirici məqamların əsasında ilk növbədə demokratik tribunanın olmasını, hər bir fikrin ifadəsinə imkan yaradılmasını qeyd etmək gərəkdir.
Önə çıxan məsələlər arasında teatr prosesinin inkişafına sürətlə nüfuz etmək üçün teatr studiyalarının yaradılması, müstəqil teatrlara dəstək, teatrı idarəetmə və kadr siyasətində yeni dövrün tələbləri, teatrda marketinq kimi məsələlər ön planda oldu.
Dramaturq teatrda yetişir
Bununla bağlı uzun mülahizələrə hacət yoxdur. Birmənalı olaraq yeni, müasir, fərqli, eyni zamanda tamaşaçıya hesablanmış və açıq kassa ilə yaşamağa həvəslənmiş teatrlar qapılarını dramaturqlara açmalıdır. Rejissorlar yaxşı dramaturqları, yaxud dramaturgiyanın texnikasını bilməyib, onun səhnə tələblərinə heç cür uyğun gəlməyən müəllifləri də axtarmağa və onlarla birgə işə məcburdur. İlyas Əfəndiyevdən üzü bəri mükəmməl təcrübələr var və bu elə də böyük plan-proqram, yaxud hər hansı forumda müzakirə istəmir.
Məsələyə forumda çıxış edən və hazırda ölkədə əsərləri ən çox səhnəyə qoyulan müəlliflərdən biri, yazıçı-dramaturq Əməkdar incəsənət xadimi Əli Əmirlinin pəncərəsindən baxaq.
Məsələn, o, deyir ki, dramaturgiyamızdakı mövcud vəziyyətə nəzərən onun inkişaf tendensiyalarını konkret bir fikirlə, sözlə ifadə etmək xeyli çətindir və ona görə də məsələyə konstruktiv yanaşmaq şərtdir: “Rəyimi bilmək üçün mənə gənc həmkarlarımın göndərdiyi pyesləri məmnuniyyətlə oxuyuram, o pyeslərdə yenilik görməyəndə məndə, türklər demiş, xəyal qırıqlığı yaranır. Cavabım çox vaxt eyni olur. Mənim kimi və ya mənsub olduğum nəslin nümayəndələri kimi yazmayın, biz bu yolu keçmişik, hələ keçməkdə də davam eləyirik. Yeni nəfəs, yeni material, yeni keyfiyyət lazımdır. Çox istərdim ki, özəl teatrlar gənc dramaturqların yaradıcılığına diqqət yetirsinlər, onların əsərləri ilə tanış olsunlar, teatrın, səhnənin, dramaturgiyanın dilini öyrənməkdə onlara yardımçı olsunlar”.
Dramaturqlar üçün müsabiqə və kursları da vacib sayan Ə.Əmirli gənc müəlliflərə stimul üçün müsabiqələrin mütəmadi təşkilini də irəli sürdü. Qalır teatrların müəlliflərlə müəyyən olunmuş qonorar müqabilində işləməsinə. Bu, bizim reallıqda hələ müşkül görünür. Çünki bu gün teatrlar yox, müəlliflər əsərlərinin oynanmasında maraqlıdırlar və bu mənada artıq, qeyri-rəsmi də olsa, bir qanunauyğunluq formalaşıb.
Teatrların da əsas istəyi budursa...
Yaxşı, vəziyyət belədirsə, onda teatrlar, rejissorlar niyə müasir əsər sarıdan çətinlik çəkirlər? Belə olduqda tez-tez onlara qarşı səsləndirilən “Klassikadan əl çəkin”, “Ölü dramaturqla işləməyə nə var ki” kimi ittihamlar yetərsiz görünür.
Bu mövzuda teatrların, rejissorların da öz arqumentləri var.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi, müasir teatrımızda fərqli və maraqlı quruluşlarda adı olan Mehriban Ələkbərzadəyə qulaq “verək”: “Əvvəla, onu deyim ki, bu forum gündəlik fəaliyyətimizdə rastlaşdığımız problemlərin haradan qaynaqlandığını üzə çıxarıb, onu aradan qaldırmaq üçün gözəl fürsət idi. O həm də milli teatrın inkişafı naminə birlikdə ortaq məxrəcə gəlmək mütləqliyi üçün idi. Üzə çıxan və həllini gözləyən məsələləri sadaladıq. Bu, öz yerində. Bu gün daha çox teatrın inkişaf strategiyasının təyini (ən azı 10 il) üzərində dayanmalı, hədəflər müəyyən edilməlidir. Gənc rejissorlarla özünüifadə imkanları yaradılmalıdır.
Teatrlarda maddi-texniki bazanın vəziyyətinə mütləq baxılmalıdır. Çünki tamaşaların keyfiyyəti həm də bundan asılıdır. Teatrlarda prodüser, ya menecerlik mütləqdir. Buraya beynəlxalq arenaya çıxış, yaxud qastrolların təşkili məsələsi daxildir. Teatrlarda truppa problemi də göz önündədir. Düşünürəm ki, truppa mütləqliyi aradan qaldırılmaqla işə qəbula yenidən baxılmalıdır. Teatrlarda (hər bir teatr öz spesifik və estetik üslubuna uyğun) prosesin davamlılığının təmini üçün studiyalar şərtdir. Bu həm də ya ali təhsilə qədər, ya da işə qəbuldan sonra uyğunuq yaratmaq və hazırlıq prosesi kimi qəbul olunur”.
Dərd tək bilet satmaq olsaydı...
Teatr marketinqi və onun təşkili bu gün ən ümdə məsələlərdəndir. Sözsüz ki, birmənalı olaraq hər teatr öz tamaşaçı auditoriyasını müəyyən etməyə və davamlı onlarla işləməyə maraqlıdır. Amma, bu, zaman üçün yetərli deyil. İndi bu və digər şəkildə bilet satışından daha çox teatrın, səhnə sənəti nümunələrinin cəmiyyətin fərdləri arasında mədəni istehsal sahəsi olaraq tələb-təklif sırasına düşməsi şərtdir. Bu gün ölkəmizdə əsas teatr sistemi dövlət büdcəsindən maliyyələşir və alternativ maliyyə mənbələrinin istifadəsi halları çox azdır. Bunun isə kompleks səbəbləri var.
Bu səbəblərə teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovun prizmasından baxaq: “Marketinq teatrı maddi asılılıqdan qurtarmaq və onun alternativ maliyyə mənbələrinə çıxış imkanlarını yüksəltmək üçün açar söz rolunu oynayır. Bizdə isə bu istiqamətdə atılan addımlar pərakəndə xarakter daşıyır. Hərçənd ki, çağdaş dünya teatrlarının təcrübəsi göstərir ki, məhz bu istiqamət teatrın var olması, teatra tamaşaçı marağının təmin edilməsi, teatr sənətinin bir sənət növü kimi populyarlaşdırılması və cəmiyyətdə nüfuzunun yüksəldilməsi, eləcə də, teatr-tamaşa müəssisələrinin maliyyə sisteminin davamlılığını və rentabelliyini təmin edən başlıca amildir”.
Heç şübhəsiz ki, marketinq strategiyası öz-özünə tərtib edilə bilməz. Çünki teatr və bazar münasibətlərinin inkişaf yönünü təyin edən bu strateji sənəd, müəssisənin biznes strategiyasına və ümumi inkişaf strategiyasına söykənməlidir. Belə olduqda klassik tamaşa təşkili və satışı mühitinin müəyyənləşməsi üçün fərdi üsullara da ehtiyac qalmayacaq.
Oxuyan da, oxudan da narazı qalarsa...
Teatrlar üçün kadr hazırlığı, onun səviyyəsi də mütəmadi müzakirədədir. Forumda bu mövzuda da giley-güzarlar səsləndi. Özü də oradakı əksəriyyətin məzun olduğu, bir qismin də pedaqoq kimi fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən. Təzadlıdır, deyilmi? Bu suala cavab çoxbaşlı olsa da, qarşı tərəfin arqumentini də bilmək maraqlı idi.
ADMİU-nun Teatr sənəti fakültəsinin dekanı Böyükxanım Talıbovanın qənaətinə görə, məsələ gənclərin təhsilə soyuqqanlı, bir növ həvəssiz yanaşmasından başlayır. Digər tərəfdən, teatr təhsili haqqında səsləndirilən “bəzi əlavə fənlərə çox yer ayrılır” kimi iradlar əsassızdır, ictimaiyyətdə dərs saatları ilə bağlı yanlış informasiya var. Belə ki, ölkənin təhsil siyasəti, təhsillə bağlı qanun var. Eyni təhsil proqramı ilə eyni ali təhsil müəssisəsini müxtəlif nəticə göstərərək bitirən tələbələr var. Kimi uğurlu, kimi uğursuz olur.
Belə olduqda başqa bir sual da yaranır: uğurlu kadrların seçimi və yerləşdirilməsi üçün müştərək addımlar atılırmı?
Universitet təmsilçisi bu məqamda ali təhsil müəssisəsi ilə teatrlar arasında sıx əlaqənin vacibliyinə diqqət çəkdi: “Tələbələr truppa ilə davamlı ünsiyyətdə olmalıdır, teatrı tanımalıdır. Ali məktəb teatr vasitəsilə istedadın inkişafına şərait yarada, özünü təkmilləşdirmək istəyinə, bədii zövqünə təsir edə bilər. Elm və Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələr üçün kadr hazırlayır. Bu iki qurum sıx əməkdaşlıq etməlidir”.
Burada qəribəlik yaradan məqam nədir? Universitet kortəbii, tələb və təklifi öyrənmədən kadr hazırlığında ittiham olunur. Başqa tərəfdən də, bölgə teatrları peşəkar aktyor, rejissor böhranı yaşadığını car çəkir. Deməli, qurumlararası əlaqə möhkəmlənməli və mərhələli iş prinsipi mərkəzə gəlməlidir. Teatrlar, Mədəniyyət Nazirliyi və ADMİU kadr hazırlığında olan ehtiyacları analiz etməli və statistik göstəricilər əsasında təhlillər aparmalıdır.
Bir sözlə, Teatr Forumunda qaldırılan və həlli vacib məsələlər çoxdur, mövzuya yəqin hələ yenə qayıdacağıq...
Həmidə Nizamiqızı