Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilib.

İdarədən bildirilib ki, iclasdan öncə iştirakçılar Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə edilən fotosənədlər əsasında hazırlanmış “Heydər Əliyev – 100” adlı sənədlər sərgisi ilə tanış olublar.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası haqqında məlumat verib.

İdarənin rəis müavini Həsən Həsənov dövlət arxiv xidməti təşkilatlarının son ildə fəaliyyətini əks etdirən məruzə ilə çıxış edib. Məruzədə respublika arxiv xidməti təşkilatlarının fəaliyyəti, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin rəqəmsallaşdırılması, arxivçi kadrların hazırlanması və digər sahələrə dair nəticələr barədə geniş məlumat verilib.

Məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov, Dövlət Tarix Arxivinin direktoru Anar Mirəliyev, Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlı, Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva, Dövlət Arxivinin Bakı filialının direktoru Ağakişi Allahverdiyev, Dövlət Arxivinin Quba filialının direktoru Şirin Müzəffərov, Dövlət Arxivinin Şirvan filialının direktoru Nəsibə Məmmədova, İsmayıllı rayon Dövlət Arxivinin direktoru İsa Əkbərov 2022-ci ildə arxiv işi sahəsində görülmüş işlər, mövcud problemlərin həlli istiqamətində təkliflər səsləndirib və fikirlərini bildiriblər.