Hindistan əhali sayına görə aylardır daban-dabana izlədiyi Çini artıq arxada qoyub. Dünya əhalisi və demoqrafiya üzrə müstəqil statistika təşkilatı – “World Population Review”in məlumatına görə, bu, aprelin 17-də baş verib.
Təşkilatın real vaxt rejimində təqdim etdiyi məlumata görə, həmin gün Hindistanda 1 425 937 441 nəfər, Çində isə 1 425 744 008 nəfər qeydə alınıb.
Hindistanın bu “yarış”da Çini üstələyəcəyi hələ yanvar ayında elan edilmişdi, amma bunun iyun ayında baş verəcəyi proqnozlaşdırılırdı. Hazırda Çində demoqrafik prosesdə mənfi tendensiya (0,1 faizdən 0,3 faizədək azalma) gedir, Hindistanda isə əhalinin artım tempi müsbət 0,7-0,9 faiz arasındadır. Ekspertlərə görə, ötən əsrin 80-ci illərindən Çində tətbiq edilən “1 ailə - 1 uşaq” formulu indi öz mənfi nəticələrini göstərir. Baxmayaraq ki, artıq bu məhdudiyyət götürülüb, üstəlik hökumət hətta ailədə 3 uşaq olmasını da təşviq edir, hələlik müsbət tendensiya görünmür. Ümumilikdə isə Çində demoqrafik qocalma (yaşlı əhalinin gəncləri üstələməsi) gedir.
Xatırladaq ki, BMT-nin Əhali Fondu (UNFPA) 2022-ci il noyabrın 15-də Yer kürəsində əhalinin sayının 8 milyard nəfərə çatdığını bildirib. Dünya əhalisinin 35 faizi Çinlə Hindistanın payına düşür.