Elmi-praktik konfrans

 

Aprelin 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirin açılışında Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış ediblər.

Sahib Ələkbərov çıxışında diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərdə abadlıq və bərpa işlərinin davam etdirilməsi üçün 3 milyard manat vəsait ayrılıb. Son 2 ildə büdcədən ayrılan manat vəsait hesabına Ağdam, Füzuli və Laçın rayonlarında yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilir. Tərtərçayın kanallarında təmizləmə işləri davam edir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün hazırlıq işləri görülür. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda geniş sahələri təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamaq planlaşdırılır.

Konfrans sessiyalarla davam edib.

İlk sessiyada Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov “Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə görülən işlər və investisiya imkanları”, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluq məsələləri”, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Zamin Bədirxanlı “İşğaldan azad edilmiş ərazilərdə yaradılmış əlverişli biznes və investisiya mühiti”, KOBİA-nın sədri Orxan Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə kiçik və orta biznesə dövlət dəstəyi imkanları” mövzularında ə çıxış ediblər.

İkinci sessiyada “Qarabağ və Şərqi Zəngəzurda əsas kapitala investisiyalar: yeni regional statistik mənzərənin astanasında”, “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyi”, “İşğaldan azad edilmiş ərazilərdə sənayenin inkişaf imkanları”, “İnvestisiyalar haqqında müasir elmi konsepsiyalar və postkonflikt ərazilərin bərpası problemi” mövzusunda məruzələr dinlənilib.

Məruzələr ətrafında müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib.