Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “START-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub. Müsabiqə debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Ümumilikdə 45 layihə “Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılmış ekspert şurası tərəfindən  dəyərləndirilib.

Ekspert şurasının sədri kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov, üzvləri ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katibi Leyla Vəzirzadədir.

Ekspert şurasının yekun iclasında hər üç kateqoriya üzrə qaliblər müəyyənləşdirilib.

“Tammetrajlı bədii film layihəsi” kateqoriyasında “Özgə ağrı” (Rövşən İsgəndərov); “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında “Erkən hisslər” (Nurlan Həsənli) və “Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç); “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında isə “Balıq” (Fuad Quliyev) və “Sonuncu lələk” (Firəngiz Bağırova) layihələri qalib elan olunub.

Yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. Qalib layihələrin istehsalata buraxılması nəzərdə tutulub.

Xatırladaq ki, “START-2023” adlı film layihəsi müsabiqəsi 2022-ci il noyabrın 1-dən 2023-cü il yanvarın 31-dək davam edib.