Aprelin 19-da Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) ev sahibliyi ilə Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri, Qazi Universitetinin rektoru Musa Yıldız, Bilkent Universitetinin rektoru Abdurrahman Kürşat Aydoğan, Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran, Mərmərə Qrupu Vəqfinin başqanı Akkan Suver, Orta Asiya türk respublikalarının Türkiyədəki diplomatları, eləcə də qardaş ölkədə səfərdə olan Azərbaycanın millət vəkilləri Adil Əliyev, Hicran Hüseynova və Ramil Həsən iştirak ediblər.

Tədbirdə Mustafa Kamal Atatürk və Heydər Əliyevin  ictimai-siyasi fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Türkiyə Cümhuriyyətinin qurulduğu 1923-cü ildə Heydər Əliyevin anadan olması xoş bir təsadüfdür. Çıxışlarda qüdrətli Türkiyəni möhkəm təməllər üzərində quran Atatürkün fəaliyyətləri, türk dövlətlərinə və xüsusən Azərbaycana olan diqqəti qeyd edilib, Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki rolu və Türk dünyası qarşısındakı müstəsna xidmətlərindən söz açılıb.

Mehparə Sultanova
Ankara