Türkiyənin İstanbul şəhərində XII Pera Beynəlxalq Musiqi Festivalı keçirilib. 6-9 aprel tarixlərində gerçəkləşən festivalda ölkəmizi fleyta ifaçısı Əminə Zülfüqarova, pianoçular Məryəm Hüseynova və Nigar Həsənova təmsil ediblər.

İfaçılar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və Cahangir Zülfüqarovun əsərlərini ifa ediblər. Festivalın konsertləri İstanbul radiosu ilə canlı yayımlanıb.

Qeyd edək ki, ənənəvi Pera Beynəlxalq Musiqi Festivalı mədəni dəyərlərin təbliğinə töhfə vermək və beynəlxalq musiqi mədəniyyəti haqqında məlumatlılığı artırmaq məqsədilə təşkil edilir. Festival eyni zamanda musiqinin universallığı ilə gənclərə qardaşlıq, dostluq, sənət sevgisi kimi müsbət emosiyalar və davranışlar qazandırmaq, klassik musiqiyə marağı və sevgini artırmaq məqsədi də daşıyır.

L.Azəri