Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) mütəmadi olaraq müxtəlif ölkələrdən dəvət olunan musiqiçilər tərəfindən ustad dərsləri keçirilir. Aprelin 19-da akademiyada Belçikanın Laterna Magica (duo) qrupunun ustad dərsləri olub.

Öncə BMA-nın beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ustad dərslərini aparacaq professorlar Laura Poku və Nathalie Houtmanı iştirakçılara təqdim edib.

Qonaqlar BMA-nın rəhbərliyi və kollektivinə təşəkkür edərək, azərbaycanlı musiqiçi həmkarları və tələbələrlə görüşməkdən məmnun olduqlarını vurğuladılar.

Ustad dərsində əvvəlcə Laura Poku və Nathalie Houtman lV-XIV əsrləri əhatə edən fleyta musiqisi, Avropa İntibah dövrü musiqisi, qədim fleyta alətinin quruluşu, səslənməsi, Orta əsrlər bəstəkarlarının musiqi üslubu haqqında tələbələrə videoçarx vasitəsilə məlumat veriblər. Sonra onlar fleyta alətində qədim musiqi parçalarından duet ifa ediblər.

Daha sonra peşəkar musiqiçilərin rəhbərliyi altında BMA-nın tələbələrinin ifasında Orta əsrlər rəqs-dini musiqisi ekspromt ifa olunub. Gənc ifaçılar belçikalı peşəkar sənətçilərdən faydalı məsləhət və tövsiyələr alıblar.