AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2024-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Əvvəlcə AMEA bölmələrinin 2024-cü il üzrə əldə etdiyi nailiyyətləri, nəşr edilən elmi əsər və kitablardan ibarət sərgiyə baxış olub.

İclası açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə akademik Fuad Əliyevə və akademik Yusif Məmmədova yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanları təqdim olunub.

Son illərdə Akademiyada aparılan elmi tədqiqatların fundamental monoqrafik əsərlərlə müşayiət olunduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətdə araşdırmaların əhatə dairəsinin daha da genişləndirilməsinə ehtiyac yarandığını bildirib. Diqqətə çatdırıb ki, AMEA-da alimlərimizin milli düşüncəsinin, təfəkkürünün məhsulu olan Nizamiyə, Nəsimiyə, Füzuliyə həsr olunmuş kollektiv monoqrafiyalar ərsəyə gətirilib, lakin Atabəy Şəmsəddin, Şah İsmayıl Xətai, Nadir şah kimi görkəmli tarixi şəxsiyyətlərimiz hələ də tərcümə materialları əsasında öyrənilir.

İ.Həbibbəyli bu tədbirdə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun da böyük sərgi ilə təmsil olunduğunu diqqətə çatdırıb.

Akademiyanın arxeoloji turizm istiqamətində Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi ilə birgə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, Agentliyin ölkəmizdə aparılan arxeoloji qazıntılara dəstək verdiyini deyən AMEA rəhbəri əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycanın maddi-mədəniyyət nümunələrinin dünyada təbliğində mühüm rol oynayacağını vurğulayıb.

Akademik, həmçinin Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malik olan numizmatika və epiqrafika sahələrinə xüsusi diqqət yetirilməsinin, gənc kadrların hazırlanmasının və bu sahədə doktorantlara zəruri dəstək göstərilməsinin önəminə toxunub.

Çıxışının sonunda İ.Həbibbəyli həmçinin Akademiyada elektron elmin inkişafı istiqamətində atılan addımlara da toxunub, başlıca hədəfləri açıqlayıb.

Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova çıxışında AMEA ilə Agentliyin uzun illərdir əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, bu gün dünyada elmi turizm olduqca məşhurdur və ölkəmizdə bu sahənin inkişafı üçün Agentlik tərəfindən əməli addımlar atılır. Azadə Hüseynova bu istiqamətdə, eləcə də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan mətbəx mədəniyyətinin, Qafqaz Albaniyasının və Türk dünyası irsinin öyrənilməsi və təbliğinə dair AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Sonra iclasda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib.

AMEA-nın Gəncə Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı isə Bölmənin sədri akademik Fuad Əliyev təqdim edib.

Hesabatlar üzrə aparılan müzakirələrdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA-nın müşaviri akademik Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək bölmələr üzrə əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Akademik İsa Həbibbəyli İctimai Elmlər Bölməsinin və Gəncə Bölməsinin 2024-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb, gələcəkdə aparılacaq tədqiqatlarda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Çıxışlardan sonra İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Məsimova qərar layihəsini oxuyub.

Həmçinin Gəncə Bölməsinin illik hesabatı üzrə qərar səsləndirilib.

Rəyasət Heyətinin iclasında AMEA-nın cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılması məqsədəmüvafiq hesab edilməyib və fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib. İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər.