Esse

 

“İrs” Folklor Ansamblına və onun fədakar üzvlərindən kamançaçı Elxan Mustafayevə həsr olunur

 

Kamançaçı kövrəlmişdi, yaman kövrəlmişdi. Belə kövrəlməyi hərdən olurdu. Onda evinin mansardına qalxıb pəncərəni açır, içində yanpörtü oturur, sağ əlini çənəsinə söykəyib Xəzərin dalğalarına baxır, ömür kitabını vərəqləyirdi; vərəqlərinsə biri o birinə bənzəmirdi. Rəngarəng idi o vərəqlər. Dil açıb danışırdı: – Yadındamı? – deyirdi, – “İrs” Folklor Ansamblının yaranması? Yoxsa unutmusan? – Heç bunu unutmaq olar? – deyirdi kamançaçı. - Nə qədər yerlərə getdik, nə qədər məsul adamlara üz tutduq... Hamısı söz verirdi, ancaq kömək eləmirdi – qorxurdular. Nədən qorxurdular? Milli sözündən, folklor sözündən! Axı folklorda millətin mənəvi dünyası var. O mənəvi sərvəti millətə qaytarmaq, kimliyini yadına salmaq o dövrün (Sovet dövrünün) ideologiyası üçün təhlükəli idi.

Xüsusi damğası vardı o dövrün; şovinizm, millətçilik. Deyən yoxdu ki, a filan-filan, millət yerdən çıxmayıb ki. Əgər yaşayırsa, atributları ilə bərabər, folkloru da yaşayacaq. Uzun məsələdi... Çox dirəşdik. Bizə nəhəng görünən külli-ixtiyar sahiblərinə ərizələr yazdıq, tələb etdik; axır ki fəaliyyət göstərməyinizə icazə verdilər. Yer almaq məsələmiz də asan olmadı. Aylarla süründürdülər. Axırda bərbad bir yer ayırdılar. Əl-qolumuzu çırmalayıb işə başladıq. Həftələrlə məşqlər etdik, istirahətin nə olduğunu unutduq... Nəhayət, xarici ölkələrə səfərlərimiz baş tutdu. İtaliya, Almaniya, Türkiyə, İran və digər ölkələrdə olduq, folklorumuzu tanıtdıq. İnana bilmirdilər ki, azərbaycanlıların – Qafqaz türklərinin belə zəngin folkloru var. Bizə şübhə ilə yanaşırdılar. Lakin ifamızı dinləyəndən sonra heyran qalırdılar...

Bir səfərimiz xüsusilə yaddaqalan olub. Bu, İtaliyaya olan səfərdi... Daha doğrusu, İtaliyanın Neapol şəhərindəki məşhur San-Karlo teatrındakı konsert. Konsertdən sonra türkcə bilən italyan jurnalist bizə yaxınlaşıb kollektivimizi təbrik etdi. O məni ayrıca təbrik etdi. Dedi ki, çaldığın kamança mənə çox maraqlı göründü; olar ona baxım, toxunum. – Niyə olmur,– dedim, – al bax, toxun... Kamançanı ehtiyatla aldı, diqqətlə o tərəf-bu tərəfinə nəzər yetirdi, kamana baxdı. – Sadə bir seydi, – dedi, – amma çıxardığı ecazkar səsə bax! Adam özünü göyün yeddinci qatında hiss edir... Heç vaxt belə səs eşitməmişəm.

– Bunun çox qədim sirri var, – dedim. – Nə sirr? – deyə heyrətlə soruşdu.

– Yaxşı, onda deyim: – Min illər bundan əvvəl göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında tarıma çəkilib incəlir. Şiddətli külək ona toxunur və əsrarəngiz səslər ətrafa yayılır. Beləcə, günlər keçir. Küləyin yaratdığı bu ecazkar səslər hər kəsin zövqünü oxşayır. Günlərin birində külək dayanır, musiqi kəsilir. İnsan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir dəlil vardır. Doğrudan da, simli çalğı alətlərinin gövdəsi, qolu, kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından olur.

Jurnalist böyük sevgi ilə məni qucaqladı: – Bunları hökmən yazacağam, kamançanın necə bir əfsanəvi musiqi aləti olduğunu bilməyənlər qoy onu tanısınlar, o səs qeybdən gələn səsdir...

Kamançaçı mansarddan endi, evə girib kamançanı və kamanı götürüb dənizin sahilinə gəldi. Dalğaların zərbəsindən səthi hamarlaşmış qayanın üstündə oturdu. Kamançanı dizinin üstünə dayayıb barmaqları qolunun üstündəki simlərin üzərində gəzdi, kamanı onun simlərinə toxundurdu. Kamança insan kimi dil açdı... Nə çaldığının fərqinə varmırdı; zildən bəmə enir, bəmdən zilə qalxırdı. Muğamlar bir-birinə qarışmışdı. Çalıb, çalıb yoruldu. Aləti sinəsinə söykəyib gözlərini yumdu, dincəlmək istədi. Qulağına səs gəldi – kamança səsiydi. Dənizdən gəlirdi –qarmaqarışıq melodiyalar idi. Onun çaldığına bənzəyirdi. Bu səslərə bir səs qarışdı: – Baba, ay baba, nənəm deyir ki, qonaq gəlib, evə qayıtsın, dəniz qaçmır ki! Beş addımlıqdadı da, gəlirəm, – dedi kamançaçı. Arvadının arxasınca deyindi: – Dənizin beş addımlıqda olduğunu bilmirəm niyə? Məsələ bugünkü möсüzədədi...

Kamançaçı ləngərli addımlarla evə qayıdırdı. Nəfəsini dərmək bəhanəsiylə hərdən dayanır, dönüb dənizə baxırdı. Dəniz əvvəlkitək dalğalanırdı, kamança səsi də kəsilmək bilmirdi...

P.S. “İrs” Folklor Ansamblı 1976-cı ildə tarzən Sidqi Mustafayev və bəstəkar Rəşid Nəsiboğlunun təşəbbüsü ilə yaradılıb.

Bayram İSGƏNDƏRLİ