Xəbər verdiyimiz kimi, aprelin 20-də Azərbaycan Milli Kitabxanası ilə Rusiyanın Uzaq Şərq Dövlət Elmi Kitabxanası (Xabarovsk) arasında onlayn görüş keçirilib.

Görüş Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun və Rusiyanın Xabarovsk diyarında fəaliyyət göstərən “Azərbaycan birliyi” ictimai təşkilatının təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – Rusiyadan baxış” (“Гейдар Алиев – взгляд из России”) kitabının təqdimat mərasimi çərçivəsində gerçəkləşib. Kitabxanada “Heydər Əliyev Baykal-Amur Magistralının tikintisində” adlı fotosərgi də açılıb.

Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun dəstəyi ilə nəşr olunan kitabın müəllifləri Novosibirsk Dövlət Texniki Universitetinin professoru Mixail Çernyakov və Novosibirsk Dövlət İqtisadiyyat və İdarəetmə Universitetinin dosenti Kamal Əkbərov, elmi redaktoru AMEA-nın Tarix İnstitutunun şöbə müdiri tarix elmləri namizədi Cəbi Bəhramovdur.

Tədbirə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə Xabarovsk diyarına səfəri zamanı onunla görüşmüş dəmiryolçular, ictimaiyyət nümayəndələri, diasporumuzun təmsilçiləri qatılıb.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev, kitabın müəllifləri M.Çernyakov və K.Əkbərov, Uzaq Şərq Dövlət Elmi Kitabxanası baş direktorunun müavini Qalina Starkina, “Azərbaycan birliyi” ictimai təşkilatının rəhbəri Məmməd İsgəndərov, Sakit Okean Dövlət Universitetinin professoru Vurğun Mehtiyev və başqaları çıxış ediblər.

Heydər Əliyev haqqında sənədli film nümayiş olunub, videobağlantı vasitəsilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış elektron məlumat bazası iştirakçıların nəzərinə çatdırılıb. Həmçinin bildirilib ki, Azərbaycan Milli Kitabxanası tərəfindən Uzaq Şərq Dövlət Elmi Kitabxanasına Heydər Əliyev haqqında, eləcə də Azərbaycan ədiblərinin əsərlərindən ibarət 40-dan çox kitab hədiyyə edilib.

Tədbirin sonunda iştirakçılara “Heydər Əliyev – Rusiyadan baxış” kitabının nüsxələri paylanıb.