Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış maarifçi, ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadənin (1872-1937) həyat və fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib.

Muzeydən bildirilib ki, seminarda muzeydə təcrübə keçən Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Türk filologiyası üzrə təhsil alan tələbələri də iştirak ediblər.

Tədbirdə muzeyin Doktorantura və təhsil şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Əkinçi” qəzetindən “Molla Nəsrəddin” dərgisinə gedən yol” mövzusunda məruzə ilə çıxış edib. O, “Əkinçi” qəzetinin timsalında Azərbaycan milli mətbuatının yaranması və ondan sonra gələn digər nəşrlər haqqında məlumat verib.

S.Heydərova Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə tərəfindən 1906-cı ildə yaradılan “Molla Nəsrəddin” satirik jurnalının milli mətbuat və ədəbiyyatımızın inkişafında rolundan danışıblar.

Sonda məruzəçi Nemanzadənin keşməkeşli ömür yolundan danışıb, onun publisistikasının və ictimai fəaliyyətinin yenidən maraq doğurduğunu və bir çox tədqiqatların yaranmasına səbəb olduğunu qeyd edib.