Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi keçirilir.

Aprelin 17-də respublika üzrə ilkin olaraq 30 müəssisədə birinci mərhələyə start verilib. Aprelin 18 və 19-da isə digər müəssisələrdə ilk mərhələ başlanılıb. Ümumilikdə isə festival tədbirləri 121 mədəniyyət müəssisəsində gerçəkləşəcək.

Ağdam Muğam Mərkəzində keçirilən festivalın ilk günündə üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə fortepiano ifaçıları səhnəyə çıxıb. Hər bir iştirakçı dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

***

Qax rayonu üzrə festivalın seçim turları rayon Mədəniyyət Mərkəzində və Heydər Əliyev Mərkəzində təşkil olunub. Seçim turunun ilk günündə 24 uşaq piano ifaçılığı, tətbiqi sənət və rəssamlıq nominasiyaları üzrə öz qabiliyyətini nümayiş etdirib. Uşaqların ifaçılıq və yaradıcılıq qabiliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Növbəti günlərdə xalq çalğı alətləri, xor, rəqs, xanəndəlik sənəti, bədii qiraət, aktyorluq və rəqəmsal incəsənət nominasiyaları üzrə tədbirlər keçiriləcək.

Ümumiyyətlə, festivalın Qax rayonu üzrə mayın 2-dək davam edəcək seçim turlarında 115 uşağın iştirakı nəzərdə tutulur.

***

Sabirabad RMİ-nin tabeliyindəki 9 müəssisədə keçirilən birinci mərhələdə ilkin olaraq, piano ifaçılığı, rəssamlıq, dekorativ-tətbiqi sənət və solo milli rəqs nominasiyaları üzrə qeydiyyatdan keçən uşaqlar iştirak ediblər. Ümumilikdə 252 uşaq qeyd olunan nominasiyalar üzrə Uşaq İncəsənət Festivalının birinci mərhələsinə qatılıb.

***

Kürdəmir RMİ-nin əhatə etdiyi Beyləqan rayon Mədəniyyət Mərkəzində xalq çalğı alətləri ifaçılığı nominasiyası üzrə qeydiyyatdan keçmiş 40 nəfər, Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbində piano ifaçılığı nominasiyası üzrə qeydiyyatdan keçmiş 40 nəfər iştirakçı məharətini göstərib. Füzuli rayon Heydər Əliyev Mərkəzində piano ifaçılığı nominasiyası üzrə 39 nəfər iştirakçı öz bacarıqlarını münsiflər qarşısında nümayiş etdirib.

Aprelin 19-da isə festival iştirakçıları regional idarənin 7 mədəniyyət müəssisəsində müxtəlif nominasiyalar üzrə çıxış ediblər.

***

Masallı RMİ-nin əhatə etdiyi Masallı, Cəlilabad və Yardımlı rayonları üzrə ümumilikdə 7 ünvanda keçirilən birinci mərhələdə fortepiano, bədii qiraət, solo milli rəqs və solo müasir rəqs nominasiyalarında çıxışlar dəyərləndirilib.

Qeyd edək ki, üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçısı var.

Festivalın birinci mərhələsində iştirakçıları qiymətləndirmək üçün münsif kimi ümumilikdə 2500-dən çox mütəxəssis (hər nominasiya üzrə üç nəfər olmaqla) cəlb edilib. Obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə münsiflərin adları açıqlanmayacaq. Festival ərzində 320 koordinator və 250 sistem inzibatçısı fəaliyyət göstərəcək.

Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. II mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında (uif.az), eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

Nurəddin