Rəssam Qəhrəman Tağıyevin fərdi sərgisi açılıb


Aprelin 20-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Qəhrəman Tağıyevin “Duyğular və rənglər” adlı fərdi sərgisi açılıb.

Sərginin açılış mərasimində çıxış edən muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan mədəniyyətinin bütün sahələri kimi rəngkarlığın, rəssamlıq məktəbinin tərəqqisinin də bu il 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Deyib ki, xalqın müdrik oğlunun təşəbbüsü ilə yaradılan Naxçıvan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı muxtar respublikada rəssamlığın inkişafına, gənc rəssamların yetişib, püxtələşməsinə öz töhfəsini verib.

Naxçıvan rəssamlarının qiymətli əsərlərlə təsviri sənət irsinizmi zənginləşdirdiyini bildirən nazir fərdi sərgisi keçirilən Qəhrəman Tağıyevin həyat və yaradıcılığı barədə məlumat verib. Qeyd olunub ki, öz palitrasını yaradaraq, individual bədii həll yolunu cızan, təkrarolunmaz sənət əsərləri ərsəyə gətirən rəssam Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Naziri Qəhrəman Tağıyevi fərdi sərgisi münasibətilə təbrik edib, ənənəni davam etdirərək əsərlərini muzeylərə hədiyyə etdiyi üçün təşəkkürünü bildirib.

NMR Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, rəssamın sənət dostları – NMR-in Əməkdar rəssamı Həmzə Sadiqov, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli Qəhrəman Tağıyevin yaradıcılığının özünəməxsus xüsusiyyətləri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, fırça ustasının realist, müasir üslubda işlənmiş portret, kompozisiya, natürmort və mənzərələrində mədəni irsimiz, milli adət-ənənələrimiz, Naxçıvanın zəngin təbiəti, tarixi abidələri öz əksini tapıb. Rəssam bu gün həm də gənc rəssamlar nəslinin yetişməsi üçün çalışır.

Qəhrəman Tağıyev çıxışında sərginin təşkilinə, əməyinə verilən dəyərə görə minnətdarlıq edib, əsərlərinin muzeylərdə yer alacağından məmnunluq hissi keçirdiyini bildirib. Rəssam sərgidə nümayiş etdirilən 32 əsərindən 10-unu NMR Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə hədiyyə edib.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.