Naxçıvan səhnəsində türkiyəli müəllifin əsəri əsasında tamaşanın premyerası olub


Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında eyniadlı tamaşanı təqdim edib.

Premyerası aprelin 19-da keçirilən tamaşanın quruluşçu rejissoru muxtar respublikanın Əməkdar artisti Səməd Canbaxşiyevdir. Səhnə əsərində obrazları gənc aktyorlar Məmməd Mehdiyev, Ləman Vəliyeva, Uğur Nəsirli, Mehri Nəbiyeva, Anar Eyvazov, Amil Yusifov, Dünyamalı Orucov, həmçinin Xalq artisti Rövşən Hüseynov, Əməkdar artist Əbülfəz İmanov, Səməd Canbaxşiyev canlandırıblar. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Cibimizdəki dəlilik” tamaşası qəliblərdən çıxan, çərçivələri yox edən səhnə həllidir. Tamaşa klassik teatr anlayışı ilə müasir teatrın vəhdəti və ənənələrdən bəhrələnməklə yeniliyin tətbiqidir. Tamaşada, əslində, izləyicilər də “rol alıb”. Tamaşa həm də şüuraltı və gerçəkdə işlənmiş “cinayətlərin” qarşısını almaq üçün sənətin dövriyyəyə keçməsidir. Səhnə tərtibatı və musiqiləri ilə bir vəhdət təşkil edən, sona qədər alqışlarla müşayiət olunan tamaşada Doktorun (Məmməd Mehdiyev) yanına psixoterapiya üçün gələn Ü (Səməd Canbaxşiyev) tamaşaçıların arasına enir, onlara öz oyununda “rol verir”, sual ünvanlayır və düşündürür.

Səhnə əsərində eyni zamanda insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi bəyan olunur. İnsanlığın sevgidən, sədaqətdən, bütün müsbət keyfiyyətlərdən yoxsullaşdığının fərqində olanlar ya dəli olur, ya da zamanın axınına uyub yaşayırlar. “İnsan insanın dərmanıdır” fikrinin, əslində, bütün xəstələrin reseptinə yazılmasının vacib olduğu vurğulanır. Bizi biz edən dəyərlər – toy, yas, bayram adətləri, uzaqlaşdığımız ənənələr təmənnasız sevgi, sədaqətli dostuq unudulub, insanın insana inamı itib. Yerində daş kimi soyuq münasibətlər, göstərişli həyatlar, sevgiyə ac insanlar, getdikcə dərinləşən sosial bərabərsizlik boy atıb. Bütün bunlar isə insanların ciblərindəki dəliliyi əllərinə almağa vadar edir. Bəzən özünün, bəzən də bir başqasının qatilinə çevrilir...

Tamaşada aşpaz Əminə xalanın öz şəhərində azan səsindən sonra kiminsə rəhmətə getməsi xəbərinə verdiyi reaksiya Ü-yü düşündürür. Yaşadığımız, bir parçası olduğunu düşündüyümüz, əslində, bizə yad cəmiyyətdə sevgisizlik bizi təkləndirir, təklənən, yalnızlaşan, özündən uzaqlaşan insan cibində gəzdirdiyi dəliliyə sığınır. Dəliliksə təkliyin, kimsəsizliyin dərmanına çevrilir...

V.Şekspirin məşhur “Həyat bir səhnədir, biz isə oyuncuları” fikri ilə yekunlaşan tamaşanın izləyiciyə çatdırmaq istədiyi mesaj isə çox sadədir: sevgi, anlaşılmaq, dinlənilmək, səmimiyyət cibimizdəki dəliliklə mübarizə aparmağımıza kömək edə bilər.

Qeyd edək ki, 1970-ci ildə Türkiyənin İzmir şəhərində anadan olan Mehmet Ümit Görgülü psixologiya və teatr sahəsi üzrə ali təhsil alıb. Əsərləri həm kitab şəklində, həm də müxtəlif qəzet və jurnallarda çap olunub. "Cibimizdəki dəlilik" əsəri ilk dəfə 2015-ci ildə çap olunub. Müəllifin əsərləri Türkiyədə və xaricdə tamaşaya qoyulsa da, bu, onun Azərbaycan səhnəsinə ilk qədəmidir. Yazıçı psixoloq kimi müalicə etdiyi xəstələrində dəliliyin yaranması və gətirib çıxaracağı nəticələr barədə geniş araşdırmasını ədəbiyyata, sənətə gətirib. Müəllif cəmiyyətin qanayan yaralarını sağaltmaq üçün yenə də ədəbiyyatı, sənəti, teatrı seçib.