Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar aprelin 18-20-də Serbiyanın paytaxtı Belqradda Azərbaycan mədəniyyəti günləri keçirilib.

Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəstəyi ilə “Azərbaycan – Odlar Yurdu” şüarı altında keçirilən tədbirlərdə Belqradda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Serbiya rəsmiləri, mədəniyyət xadimləri, diaspor və yerli ictimaiyyətin təmsilçiləri, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan, təhsil alan və çalışan soydaşlarımız iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev iki ölkə arasında yüksək səviyyəli və dinamik münasibətlərin mövcud olduğunu deyib, mədəni sahədə əlaqələrin inkişafının əhəmiyyətini diqqətə çatdırıb.

Mədəniyyət günləri çərçivəsində milli musiqilərimiz, muğam və rəqslərdən ibarət konsert proqramı təşkil olunub, milli geyimlər, xalçalar, qurama və rəsm əsərlərinin sərgisi nümayiş etdirilib, ölkəmizin tarixi, mədəni irsi barədə ziyarətçilərə məlumat verilib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri – Əməkdar artist Viktoriya Şahmuradova və 44 günlük Vətən müharibəsi qazisi Firdovsi Eyvazov tərəfindən milli rəqslərimiz yüksək peşəkarlıqla nümayiş etdirilib. “Sarı gəlin” Azərbaycan xalq mahnısının rəqslə müşayiəti, həmçinin “Şuşanın dağları” və “Can Qarabağ” mahnıları heyranlıqla izlənilib.

Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda Serbiya Opera və Balet Teatrının prima sopranosu Yasmina Trumbetaş Tofiq Quliyevin “Qızıl üzük” mahnısını oxuyub.

Şuşanın füsunkar təbiəti, tarixi və memarlıq abidələrini əks etdirən fotosərgi, “Azərxalça”nın təqdim etdiyi xalçalar, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın “Qarabağ” milli geyim kolleksiyası, qurama üzrə sənətkar Leyla Xasiyevanın əl işləri, Belqradda yaşayan azərbaycanlı rəssam Yevgeniya Türkoğlunun Bakı və Abşeron yarımadasının əks olunduğu əsərləri böyük maraqla qarşılanıb.

Mədəniyyət günləri Serbiya mediasında işıqlandırılıb.