Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Riqoletto” operasının nümayişi uğurla gerçəkləşib. Rejissor Mixail Pancavidzenin quruluş verdiyi tamaşada baş rolları dünya şöhrətli bariton, Sankt-Peterburq Mariinski Teatrının solisti Vladislav Sulimski (Riqoletto), Tatarıstanın Əməkdar artisti Venera Protasova (Cilda) və “Sankt-Peterburq Opera” teatrının solisti Yaromir Nizamutdinov ifa ediblər.

Tamaşanın musiqi rəhbəri qismində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dəvət olunub. Səhnədə digər tanınmış ifaçılar – Şimali Osetiyanın Xalq artisti Mixail Kolelişvili, Tatarıstanın Əməkdar artistləri Artur İslamov, Svetlana Smirnova və Aydar Nurqayanov da yer alıblar.

Qeyd edək ki, aprelin 7-8-də Kazandakı teatrda azərbaycanlı dirijor Əyyub Quliyevin iştirakı ilə daha bir opera şedevri – R.Leonkavallonun “Məzhəkəçilər” əsəri təqdim olunmuşdu. Beş nüfuzlu opera səhnəsi – Mariinski Teatrı (tenor Ahmed Aqadi), Mixaylovski Teatrı (soprano Valentina Fedeneva), Belarus Böyük Teatrı (bariton Stanislav Trifonov), “Sankt-Peterburq Opera” (Vladimir Selebrovski) və Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrı (soprano Gülnara Qatina) solistlərinin iştirak etdiyi tamaşa mədəniyyət hadisəsinə çevrilmişdi.