Kitab təqdimatı və ağacəkmə aksiyası...


Kiyevdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Millətin atası" adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi Ukraynada yaşayan soydaşımız. hüquq elmləri doktoru, professor Arif Quliyevdir.

Ukrayna Milli Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunda keçirilən təqdimatda çıxış edən Arif Quliyev Ümummilli liderin Azərbaycan xalqı, dövləti üçün gördüyü işlərdən danışıb.

Təqdimata videobağlantı formatında qoşulan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Bakı şəhəri Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova, hüquq elmləri doktorları, professorlar Əmir Əliyev, Namiq Əliyev çıxışlarında Ulu öndərin millət və dövlət qarşısında tarixi xidmətlərindən söz açıblar.

Tədbirdə iştirak edən Azərbaycanın Ukraynadakı Səfirliyinin birinci katibi Namiq Niftullayev, Ukrayna Milli Elmlər Akademiyası Dünya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko, ukraynalı siyasətçi, sabiq deputat Volodimir Litvin, ictimai xadimi, hüquq elmləri doktoru Vasili Kositski və digərləri Heydər Əliyevin Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin qurulmasında xidmətlərini qeyd ediblər.

***

Kiyev vilayətinin Boyarka şəhərində isə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən ağacəkmə aksiyası keçirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə Taras Şevçenko adına parkda keçirilın aksiyaya Ukrayna Ali Radasının, Azərbaycan Milli Məclisinin deputatları, Ukraynadakı səfirliyimizin əməkdaşları, yerli hakimiyyət orqanlarının nümayəndələri qatılıblar. Parkın ərazisində sakura ağacları əkilib.