“24 aprel, əslində, Türkiyə-erməni əlaqələrinin tarixinin təhrif edilməsi, elmin həbs olunması deməkdir. Sözdə “erməni soyqırımı” ittihamları yalnız anti-türk siyasəti üçün istifadə olunan mexanizmdir”.

Bu fikirləri “Mədəniyyət” qəzetinə açıqlamasında Azərbaycan əsilli tarixçi alim, Türkiyə Milli Müdafiə Universiteti Tarix kafedrasının müdiri, professor İbrahim Ethem Atnur bildirib.

O vurğulayıb ki, hər il aprelin 24-də erməni lobbisi və tərəfdarları Osmanlı dövlətini qondarma “erməni soyqırımı”nda  ittiham etsə də, Türkiyə tərəfi bu ittihamların elmi əsaslara söykənməyən, anti-türk siyasi əsaslı yanaşmalardan irəli gəldiyini sübut edir: “Bu təqvimdə belə bir qətliam olmayıb. Əslində, başda ermənilər olmaqla yunanlar və digər qeyri-müsəlmanlar işğalçı qüvvələrlə əlbir olaraq Osmanlı əleyhinə ölkə daxilində üsyanlar etmək, ölkənin teleqraf xətlərinə, nəqliyyatına zərər vermək, təbliğat cəmiyyətləri təşkil etmək, sui-qəsdlər düzənləmək kimi anti-insani fəaliyyətlər göstəriblər. Onlardan da 670-i saxlanılıb, 250-si həbs olunaraq cəzalandırılıb, hətta sonradan bir qismi bəraət də alıb. Amma Vanı işğal edib, oradakı müsəlmanları kütləvi soyqırımına məruz qoyduqdan sonra onların deportasiyası haqqında 27 may 1915-ci ildə qərar verilib. Bu, dövlətin təhlükəsizliyi baxımından atılan addım olub. Deportasiya prosesində baş verən neqativ halların qarşısı alınıb, bunu törədənlər cəzalandırılıb. Həm də o dövrdə bütün ermənilər deportasiya edilməyib, dövlətin yüksək mənsəbli qurumlarında xeyli erməni əsilli vəzifəlilər olub. Yəni Osmanlı dövlətini soyqırımı ilə ittiham etməyin heç bir tarixi faktlara söykənən əsası yoxdur”.

Tarixçi qeyd edib ki, tarixi məsələlərdən siyasi dairələrdə erməni lobbiləri vasitəsilə istifadə edilməməsi üçün türk diasporunun həqiqətləri dünya ictimaiyyətinə çatdırması istiqamətində ardıcıl işlər görülməlidir ki, hər il yalan ittihamlar daha da böyüməsin.

Mehparə Sultanova
Ankara