Bakıdakı Rus Evində (RİMM) görkəmli rus bəstəkar Sergey Raxmaninovun (1873-1943) 150 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Sərgidə tanınmış fırça ustaları ilə yanaşı, gənc rəssamların da əsərləri yer alıb.

Sərginin kuratoru beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyeva çıxış edib. Bildirib ki, S.Raxmaninov gözəl pianoçu, zəngin yaradıcılığa malik bəstəkar olub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) musiqiçilərinin ifasında yubilyar bəstəkarın əsərləri səsləndirilib. Gecənin xüsusi qonağı Almaniyada yaşayan opera müğənnisi, Azərbaycanın Xalq artisti Əvəz Abdullayev olub. O və istedadlı konsertmeyster Rebekka Maqomedova öz çıxışları ilə tamaşaçıların könlünü oxşayıblar.

Əməkdar artist, violonçel ifaçısı Aleksey Miltıx, BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, pianoçular – beynəlxalq və respublika müsabiqələri laureatları Maqsud Musazadə, Leyla Hüseynzadə, Arian Qəhrəmani çıxış ediblər. Sonra Mirxalid Məmmədzadə (fleyta) və Adil Axundov (vokal) gənc konsertmeyster, respublika və beynəlxalq müsabiqələrin laureatı Nərgiz Kəngərli (piano) öz ifası ilə tədbirə xüsusi ovqat bəxş edib.

Sonda SSRİ-nin və Azərbaycanın Xalq artisti Lütfiyar İmanovun (1928-2008) S.Raxmaninovun romansını ifa etdiyi lent yazısı nümayiş etdirilib.