Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Ulu öndər Heydər Əliyev və milli mədəni irsimiz”  mövzusunda akademik seminar keçirilib.

Baş idarə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara dahi siyasətçinin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.

Dövlət himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Heydər Əliyev və Zərifə xanım Əliyevanın həyat və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.

“Ulu öndər Heydər Əliyev və milli mədəni irsimiz” mövzusunda məruzədə bildirilib ki, görkəmli dövlət xadiminin müəyyən etdiyi inkişaf xətti tarixi varislik, dil, adət və ənənələrin qorunması, mədəni irsimizə sadiqlik kimi prinsiplərə söykənir. Bu dəyərlərin qorunmasında və inkişafında ziyalıların xüsusi rolunu dərk edən Ümummilli lider onların yaradıcılığının inkişafına lazımi şərait yaratmaqla yanaşı, həmin şəxsləri sovet rejiminin basqılarından qoruyub.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, məktəblilər seminar barədə öz təəssüratlarını bölüşüblər.